Ayvazyan Azərbaycanla danışıqlar prosesini pozub

 14:29 23.06.2021     34

Ermənistanın Təhlüksizlik Şurasının sədri Armen Qriqoryan 15 erməni diversantın geri verilməsi və bu ölkənin sabiq xarici işlər naziri Ara Ayvazyanın niyə işdən çıxarılması barədə maraqlı açıqlama verib.

Axar.az Hit.az-a istinadən xəbər verir ki, Qriqoryan “Azadlıq” Radiosunun Ermənistan bürosuna açıqlamasında Ayvazyanın Azərbaycanla danışıqlar prosesini pozduğunu vurğulayıb.

Onun sözlərinə görə, mayın 27-nə qədər aparılan bütün danışıqlar nəticəsiz qalıb.

“Ayvazyan bizim partnyorlarımıza deyirdi ki, guya Ermənistanın əlində minalı ərazilərin hər hansı xəritəsi mövcud deyil. Halbuki biz onu Azərbaycan tərəfinə verdik”, - deyə Qriqoryan vurğulayıb.

Onun sözlərinə görə, Ayvazyan təkcə yalan danışmayıb, həm də əsirlərin geri qaytarılması məsələsini əngəlləməyə çalışıb. Qriqoryan hesab edir ki, keçmiş nazirin təhlükəsizlik məsələlərini həll etmək niyyəti olmayıb. O, davamlı olaraq Paşinyan hakimiyyətinə problem yaradıb.

“Sizdə belə bir sual yaranmır ki, niyə problem uzun müddət həll olunmadı və Ayvazyan danışıqlardan kənarlaşdırlan kimi məsələ həllini tapdı?” - deyə Qriqoryan bildirib.

Ermənistan Təhlükəsizilik Şurasının sədri jurnalistin “Hakimiyyət əsirlərin müqabilində yerdə qalan minalı ərazilərin xəritəsini verməyə davam edəcəkmi?” sualına cavab olaraq deyib:

“Ermənistan hökuməti istənilən konstruktiv addımlara analoji qaydada cavab verməyə hazırdır”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/567940.html