Şortik geyindiyi üçün notariusdan qovuldu – Rəylər

 15:03 23.06.2021     33

Bakı şəhər sakini Azər Kərimovun “şortik” geyindiyinə görə notariat kontoruna buraxılmaması sosial şəbəkələrdə müzakirəyə səbəb olub. A.Kərimov Nəsimi rayonu 54 saylı notariusa etibarnamə almaq üçün gedib. “Şortik” geyindiyinə görə notariusun köməkçisi ona yaxınlaşaraq, bu geyimdə içəri buraxılmayacağını bildirib. Vətəndaş hüququnu tələb etsə də, mühafizə polisi tərəfindən notariusdan uzaqlaşdırılıb.

Axar.az xəbər verir ki, A.Kərimov başqa notarius xidmətinə müraciət etməyə məcbur qaldığını, həmin geyimdə ASAN Xidmətə gedərkən heç bir problem yaşamadığını deyib.

Vətəndaşın problemi ilə bağlı saytımıza açıqlama verən hüquqşunas Səbuhi Axundov bildirib ki, qanunən heç bir geyim növünə görə ayrı-seçkiliyə yol verilə bilməz:

“Qanunvericilikdə geyimin əxlaq normasının göstəricisi olmasına dair hər hansı bir fakt yoxdur. Bəzi qurumlar daxili əsasnamələrinə görə bir sıra qaydalar tətbiq edirlər. Bu qaydalar yalnız həmin qurumun əməkdaşları üçün normativ hesab edilə bilər. Konstitusiya vətəndaşlar arasında ayrı-seçkiliyi qadağan edir. Həmin vətəndaş bu qanunsuz hərəkəti aktlaşdıraraq məhkəməyə müraciət edə bilər. Faktiki olaraq bununla bağlı vətəndaşın notariusdan təzminat tələb etmə hüququ var”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, vətəndaşa qarşı belə bir addım atılması absurddur:

“İstər polis, istər notarius işçisinin vətəndaşa qarşı belə irad bildirməsinin heç bir əsası yoxdur. Əgər vətəndaş orada hansısa əxlaq normalarına zidd bir hərəkət etməyibsə, geyimə görə onun geri qaytarılması qanuna ziddir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/567945.html