Deputatdan ÇAĞIRIŞ: Peyvənd olunun

 15:13 23.06.2021     34

Bildiyimiz kimi, Rusiyada COVID-19-un Hindistan ştammı sürətli şəkildə yayılıb. Orada koronavirusla bağlı qadağalar yox idi. Kütləvi mərasimlər keçirilir, universitet və məktəblər fəaliyyətini davam etdirirdi. Son vaxtlar Rusiyada koronavirusla bağlı yaranmış ağır vəziyyət onları yenidən virusa qarşı tədbir görməyə məcbur etdi. Azərbaycanda yoluxma qeydə alınmadığı zamanda belə, möhtərəm Prezidentimizin tapşırığı ilə çox ciddi qaydalar tətbiq olunub.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın pandemiya ilə bağlı kifayət qədər təcrübəsi var: “Həyata keçirilən tədbirlər ölkəmizi koronavirusdan ən az itki verən dövlətlər cərgəsinə gətirib çıxarıb. Bunu biz yox, Ümumdünya Səhiyyə Təşkilatının apardığı analizlər göstərir. Qonşu dövlətlərdə COVID-19 şiddətli artım göstərdiyi müddətdə Operativ Qərargah zərrə qədər diqqətsizlik etməyib. Son vaxtlar Azərbaycanda bəzi məhdudiyyətlər aradan götürülsə də, hər şey ölkə rəhbərliyinin nəzarətindədir. Ölkədə yayıla biləcək Hindistan ştammı ilə bağlı qabaqlayıcı tədbirlər də hazırdır”.

M.İbrahimqızı vurğulayıb ki, vətəndaşlarımızın vaksinasiya olunması mütləqdir: “Vətəndaşlardan xahiş edirik ki, vaksinasiyada iştirak etsinlər. Çünki vaksin vurulduqdan sonra bədən bu virusu tanıyır. Əvvəllər ispan qripi kimi xəstəliklər də bu cür vaksinlərlə aradan qalxıb. Düşünürəm ki, vətəndaşlarımız məsuliyyətlərini başa düşürlər, özlərinin və ətrafdakı insanların sağlamlığı üçün bu qaydalara əməl edirlər”.

Rahib Ələsgərli


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/360492.html