Daha bir mutasiya yayılmağa başladı: ildırım sürəti ilə yoluxur

 04:20 24.06.2021     52

Dünyanı koronavirusun çox sürətlə yoluxan və daha çox ölümlərə səbəb olan "Hindistan ştammı"nın ("delta-virus") bürüdüyü bir vaxtda bu Asiya ölkəsində virusun ildırım sürəti ilə yoluxan daha bir yeni mutasiyası qeydə alınıb. Və bu virus sölkənin bir neçə ştatında ürətlə yayılmaqdadır.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "İndia Today" nəşri yazıb. Ümumhindistan Tibb Elmləri İnstitutunun direktoru Randip Quleriya xəbərdarlıq edib ki, "delta-plyus" adlandırılan (kodu- B.1.617.2.1) yeni ştamm ildırım sürəti ilə yoluxdurmaq qabiliyyətinə malikdir.

Mütəxəssis deyib ki, virusun bu variantına hətta yoluxmuş insanın yanından maskasız ötüb keçəndə belə, yoluxmaq mümkündür. Üstəlik "delta-plyus" çoxkanallı antillerə qarşı davamlıdır və immuniteti "ötüb keçir". Hazırda Hindistanın gen mühəndisliyi üzrə konsorsiumunun ekspertləri yeni ştammı öyrənir və koronavirusa qarşı vaksinlərin ona qarşı nə dərəcədə effektiv olduğunu araşdırır.

Qeyd edək ki, koronavirusun bundan əvvəl Hindistanda yaranan "delta" variantı hazırda dünyanın 100-dən çox ölkəsində, o cümlədən qonşu Rusiyada yayılmaqdadır.

Hindistanın Səhiyyə Nazirliyi isə əhalisi sıx olan Kerala, Maharaştra və Madhya-Pradeş ştatlarının sakinlərini koronavirusun bu ən yeni mutasiyası barədə xəbərdar edib. Bildirilir ki, virusun bu variantı ağ ciyərlərin hüceyrələrini daha sürətlə sıradan çıxarır.

Bundan əvvəlki Hindistan ştammı da ağ ciyərləri daha tez sıradan çıxarması ilə tanınırdı. ABŞ-dakı Corc Meyson Universitettinin sistem biologiyası Məktəbinin professoru Ança Baranova bildirib ki, "delta" variantı koronavirusun 2020-ci ilin əvvəllərində yayılan variantına nisbətən ağ ciyərlərin funksiyasını daha tez sıradan çıxarır. "Pasiyent ağ ciyərlərin ikinci dərəcəli zədələnməsi ilə xəstəxanaya daxil olur, ertəsi gün onda üçüncü dərəcəli zədələnmə qeydə alınır, bir gün sonra isə reanimasiyaya düşür",-o bildirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/959224.html