Azərbaycan çox əhəmiyyətli addımlar atır - ŞƏRH

 00:30 25.06.2021     54

"Dünyada yaşıl enerjiyə keçid artıq geniş vüsət alıb".

Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Azərbaycan da yaşıl enerji layihələrini tətbiq etmək niyyətindədir:

"Bir çox dünya ölkələrində artıq karbohidrogen yanacaqlarından istifadə qadağan olunub. Yəni artıq Almaniyada, ABŞ-da xüsusi dizel ölçən aparatlar var və hər bir avtomobilin atmosferə buraxdığı karbon qazının miqdarı, digər zərəli maddələr ölçülür, onlar tənzimlənir. Hətta bununla bağlı bir avtomobil şirkəti ilə böyük bir skandal da çıxmışdı - şirkət karbon qaznının miqdarını qəsdən az göstərməyə çalışırdı ki, bu maneələri keçə bilsin. Bundan başqa, artıq bir çox Avropa ölkələri atom elektrik stansiyalarını bağlayır, kömürlə işləyən istilik elektrik stansiyaları bağlanılır, kömürdən istifadə qadağan edilir. Hətta Almaniya bir neçə günlük özünü bərpa olunan enerji ilə təmin etdi, elektrik enerjisini sadəcə ondan aldı. Danimarka da eyni addımı atdı. Bir sıra ölkələr sadəcə yaşıl enerjidən - bərpa olunan enerji ilə özlərini təmin edirlər. 

Bu qayda artıq bütün dünyada geniş vüsət alıb. Artıq günəş paneli tarlaları, külək dəyirmanları hər yeri bürüyür. Biz bunu bütün Avropa boyu müşahidə edə bilərik. Hətta Türkiyədə, Hindistanda, Çində belə günəş paneli tarlaları və külək enerjisi artıq çox geniş vüsət alıb, geniş yayılıb.

Dünyada artıq getdikcə daha az karbohidrogen yanacağından, karbohidrogen ehtiyyatlarından asılı olmağa çalışırlar. Düşünürəm ki, bu istiqamətdə Azərbaycanın da atdığı addımlar çox əhəmiyyətlidir. Biz xüsusilə Qarabağın azad edilmiş ərazilərində yaşıl enerji layihələrini tətbiq etmək istəyirik. Burada bizim qarşımızda duran məsələlər daha çox Araz boyu ərazidə - Cəbrayıl, Füzuli, Zəngilan kimi ərazilərdə günəş panelləri tarlaları yaratmaq istəyirik ki, orada o enerjidən istifadə olunsun. Eyni ilə Kəlbəcərin, Laçının dağlıq əraziləri kimi küləkli ərazilərdə külək dəyirmanları qurmaq istəyirik. Bundan başqa həmin meşələrdə olan artıq materiallardan da bioenerji kimi istifadə oluna bilər. 

Daha bir məsələ də dağ çaylarıdır: Dağlıq Qarabağda irili-xırdalı 13-14 Su Elektrik Stansiyası var. Biz bunların həm sayını çoxaltmaq, həm də effektivliyini artırmalıyıq. Yəni onlar modern turbinlərlə əvəz olunmalıdır və həmin SEA-lar daha effektiv işlədilməlidir, həm də yeniləri əlavə olunmalıdır. Bu, həm həmin ərazinin təöbiətini qorumağa yardımçı olacaq, həm qlobal istiləşmənin, həm də ağacların qırılmasını və ətrafa çirkli karbon qazının atılmasının qarşısını alacaq. Bu baxımdan çox əhəmiyyətli bir rol oynaya bilər".

Təhməz Əsədov
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/959651.html