500 manat cərimə, vəkillər yeni təklifi tənqid etdi

 10:49 25.06.2021     33

Azərbaycanda məhkəmə proseslərinin tənzimlənməsi ilə bağlı qanunvericiliyə ediləcək dəyişiklik vəkillər tərəfindən narazılıqla qarşılanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mülki Prosessual Məcəlləyə yeni, 174.5-ci maddə əlavə edilməsi təklif edilir. Bu təklifə görə, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Bu məlumatın ictimailəşməsindən sonra Vəkillər Kollegiyasının üzvləri məsələyə kəskin etiraz ediblər.

VK Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib ki, vəsatətin və ya şikayətin "açıq-aşkar əsassız" olması meyarının necə müəyyən olunduğu məlum deyil: "Və ya müəyyən olunubmu? Bu ifadə hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verir? Hal-hazırda imkansız vətəndaş mülki işlər üzrə aşağı instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımla təmin olunmur, hüquqi savadı və hüquqi yardıma çatımlığı olmayan şəxs istənilən halda "açıq-aşkar və aşkar olmayan əsassız" vəsatət verəndə 500 manatadək cərimələnməsi nə dərəcədə ədalətli olacaq? Bu sualların əsaslı cavabını eşitmək maraqlı olardı".

Vəkil Fariz Namazlı qeyd edib ki, məhkəmə vəsatəti rədd edəndə hakim əsassız olduğundan təmin edilmədiyini deyir: "İndi cərimə olunmaq qorxusu ilə vəsatət də verə bilməyəcəyik".

VK üzvü Aqil Layıc bildirib ki, vəkil prosesdə tərəf deyil və vəkili prosessual məsələyə görə cərimələmək hüquqi nihilizmdir: "Güya vəkillərin vəsatətləri prosesdə təmin edilirdi ki, cərimə də edilsin?! Ədalət mühakiməsinə nüfuz vəkilin qanunsuz cərimələnməsi ilə ölçülə bilməz. Cərimə və intizama cəlb ediləcək yeganə şəxslər varsa Avropa Məhkəməsində dövlət əleyhinə qərarın çıxmasına rəvac verən hakimlərdir".

Vəkil Elçin Sadıqov qeyd edib ki, bundan sonra hakim vəkilə deyəcək ki, filan vəsatəti qaldırsan səni cərimələyəcəm: "Ağıllı ol", qoy işi tez yekunlaşdırım, yoxsa qarşı tərəf verdiyi pulu alacaq. Bu dəyişiklik ölkədə kölə, qorxaq vəkillik formalaşdırmaq üçündür. Bəs vəkillik inkişaf etmişdi?"

Qeyd edək ki, bu mövzuda digər VK üzvləri də etirazını bildirərək vəsatət verməyin vəkilin prosessual hüququ olduğunu deyiblər.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/959727.html