Çində şiddətli yağışlar səbəbindən ölənlərin sayı 51-ə yüksəlib

 23:05 23.07.2021     66

Çinin Henan vilayətində bir həftə ərzində yağan mövsüm yağışlarının törətdiyi fəsadlar səbəbindən ölənlərin sayı 51-ə yüksəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sel və daşqın 3 milyondan çox sakinin həyatına mənfi təsir göstərib. Təbii fəlakət zonasından 400 minə yaxın sakin təxliyə edilib. İnfrastruktura, fərdi mənzillərə, kommersiya obyektlərinə, avtomobillərə xeyli ziyan dəyib. On minlərlə hektar əkin sahəsi məhv olub. İqtisadiyyata dəyən maddi zərər 65,5 milyard yuan (təxminən 10,12 milyard ABŞ dolları) dəyərində qiymətləndirilir.

Qeyd edək ki, iyulun 16-dan bəri yağan şiddətli yağışlar Henan vilayətində son 60 ilin ən böyük təbii fəlakətini yaradıb. Mövsümi yağışlar vilayətin paytaxtı Cencou şəhərinin küçələrində böyük axınlara səbəb olub. Yağıntının miqdarı illik normaya yaxınlaşıb. Çinin nəqliyyat qovşaqlarından olan Cencouda ictimai nəqliyyatın, habelə şəhərlərarası təyyarə və qatarların hərəkəti iflic olub. Magistral yollar bağlanıb. Təbii fəlakətlə mübarizə tədbirlərinə 40 minə yaxın canlı qüvvə, eləcə də hərbçilər cəlb olunub.

Səlahiyyətli qurumlar yağışların səngiməsini nəzərə alaraq, fövqəladə hazırlıq səviyyəsini 3-cü pilləyə endirib. Artıq müxtəlif istiqamətlər üzrə nəqliyyatın hərəkətinin bərpası istiqamətində işlər yekunlaşıb. Cencou şəhərində ictimai nəqliyyatın fəaliyyəti qismən bərpa olunusa da, metro bağlıdır. Səhiyyə qurumları dezinteriya və hepatit kimi su vasitəsilə ötürülən xəstəliklərlə əlaqədar əhaliyə xəbərdarlıq edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967310.html