Bura təhlükəli cahillər, axmaqlar toplaşıb...

 22:09 25.07.2021     84

Hansısa şirkətin hansısa gizli avadanlıqlarla Azərbaycanın, mən də daxil olmaqla, bəzi nümayəndələrinin telefonlarının dinlədiyi barədə məlumat yayıldı.

Dövlət Təhlükəsizlik Xidmətinin peşəkarlığına tam etibar etdiyimdən prosesləri sadəcə soyuqqanlı tərzdə izləməyə başladım. Sonda hər şey aydın oldu. Heç demə, ortada Fransa Prezidenti Makronun dinlənilməsi məsələsi varmış. Ayının min oyunu da bu armudun başındaymış. Fransa xüsusi xidmət orqanlarının əməliyyatı imiş bu. İngilislərdə belə bir söz var: “yuzful idiot”. Yəni faydalı axmaqlar. Və məhz bu axmaqlar bu skandalı insan haqlarının qorunması məcrasına soxuşdurmaq istəyiblər. Vəssalam.

Ona görə müxtəlif adamlara Azərbaycan dilində hazır mətnlər göndərilirdi, hadisənin doğruya oxşaması üçün müəyyən mənzərələr tərtib edilirdi. Müharibə zamanı Azərbaycanın sözün bütün mənalarında silahdaşı olmuş İsrailin adının çəkilməsi də səbəbsiz deyildi...

Yəni qeyri-ciddi bir olaya bundan çox vaxt ayırmayaq. Amma bu olaya həm də bir test kimi baxmaq olar. Beynəlxalq dərəcəli şayiədən Azərbaycan dövlətinin üzərinə getmək fürsəti kimi yararlanan kim, adlarının, nömrələrinin çıxdığı siyahıya az qala “Şindlerin siyahısı” etibarı verməyə çalışan kim...

Bu hadisə göstərdi ki, milli mətbuatımızın ən böyük problemi peşəkarlığın kəmiyyət və keyfiyyət etibarı ilə böyük hesabla uduzmasıdır. Bəli! Azərbaycan mediası bu gün qeyri-peşəkarların, təhlükəlicəsinə cahillərin, təşəbbüskar axmaqların ən çox toplaşdığı məkandır. Ona görə də MEDİA Agentliyinin fəaliyyəti bəlkə də bu gün Müdafiə Nazirliyinin, yaxud Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti qədər mühümdür. Stratejidir. Bu qurum mətbuatın ələbaxan olmaması, yaradıcı fərdin özünümaliyyələşdirməsi və bunun da tam şəffaf baş verməsi üçün ciddi fəaliyyət göstərir. Köhnə vərdişlər, dövlətdən ayırmalar hesabına dolanışıq, az qala əlil müavinəti kimi ələ keçirilən maddi imkanlarla gün-güzəran düzəltmələr, “allah bir tikə çörəyi harda olsa verəcək” təfəkkürünün jurnalistikamızı sadəcə maaşvermə yerinə, yeni iş yeri, “evinə bir tikə çörək aparır, heyf, filan kanal bağlandı, 200 adam işsiz qaldı” fəlsəfəsinə kökləməsi mətbuat mühitində mövcud olan çatışmazlıqların əsas səbəbidir.

Mətbuat günümüzdə mətbuatımızn bu günü barədə ən yaxşı təhlili yəqin ki, Mehman Əliyev yazdı. “Turan” agentliyinin direktoru. Ən xırda detallaradək, peşəkarcasına, ustadcasına işlənmiş bu təhqiqata görə, bir institutun işini gördüyünə görə Mehmana sağ ol düşür. Məncə, biz bu araşdırmanı diqqətlə oxumalı və mətbuatımızın “Həm azad olaq, həm də asılı!” təfəkkürünündən xilas olması üçün ilk növbədə bu ziddiyyəti aradan qaldrmalıyıq.

Mətbuatın azad olması iqtisadi müstəqilliklə birbaşa bağlıdır və biz gərək hər şeyi edək ki, reklam bazarı söz sahibi olsun. Hər bir media qurumu rəqabətdə inkişaf etsin. Bundan ötrü isə hökumətdən asılılıq yığışdırılmalıdır. Azad rəqabət, azad reklam imkanları. Məncə, media qurumları MEDİA Agentliyinin məhz bunu etmək istədiyini anlamalı, ona adekvat reaksiya verməlidir, yeni qurumdan köhnə qurumluq tələb etməməlidir.

Müstəqil Azərbaycan dövləti sosial dövlətdir, amma sovet sosialist dövləti deyil. “Mənə sərf edəndə kapitalistəm, sərf etməyəndə sosialistəm!” olmur. Sosial dövlət vətəndaşın yanında olmalıdır. Əlbəttə. Amma imkanlar yaratmaqla. Bu imkanlar vətəndaşın, amma son nəticədə dövlətin güclənməsinə kömək etməlidir. İmkanlar media əməkdaşlarının öz fəaliyyəti nəticəsində yaxşı qazanmasına, şəffaf və qanuni qazanmasına kömək etməlidir. Dövlətin yaxasından asılmaq yolverilməzdir. Müharibədən çıxmış dövlətin Qarabağı yenidən qurmaq, işğaldan azad edilmiş torpaqlarda faktiki olaraq ikinci Azərbaycanı yaratmaq kimi nəhəng hədəfi var. Ümimiyyətlə dövlətdən xüsusilə bu günlərdə sağmaq, müəyyən adlar altında pul istəmək, hətta Milli Məclis üzvləri səviyyəsində “onu qaldır, bunu qaldır!” tipində bir az da bəlkə nevropataloqvari komandalarla, tapşırıqlarla məşğul olmağı dayandırmaq lazımdır. Azərbaycan azad etdiyi torpaqları abad etməlidir! Bir müddət əvvəl Avropa İttifaqı Şurasının Prezidentinin Ermənistan və Gürcüstana, hər birinə ayrılıqda 2 milyard yarım avrodan artıq, Azərbaycana isə 150 milyon avro ayırmaq niyyətini elə media mənsubları pafosla işıqlandırmışdı...

Az qala Fransaya media müharibəsi elan edirdik. Deməli, kənardan yardım gözləmək ən azı sadəcə xoş arzudur. Deməli, bərpa prosesini Azərbaycan dövləti və xalqı özü həyata keçirməlidir. Bir binadan nə olacaqdı, biz də əsgərik, biz də döyüşmüşük, vuruşmuşuq kimi bəyanatları isə gəlin bağırmayaq, pıçıldayaq. Dama-dama göl olar. Bir artıq bina tikilməyəcək demək; demək, o binanı Qarabağda tikəcəyik. Deyəsən “Biz informasiya müharibəsində elə qalib gəldik, belə qalib gəldik!” sözlərini o qədər demişik ki, Xlestakovvari öz yalanımıza özümüzü inandırmışıq axı. Arabir düşünün ki, informasiya müharibəsini kim udub! Belə də, öz aramızda.

Bu günlərdə mən də daxil olmaqla media və qeyri-hökumət təşkilatlarıının rəhbərləri, ictimai fəallar Prezidentə müraciət dərc etdik. Xahiş etdik ki, jurnalistlər üçün nəzərdə tutulan üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən müharibəsi qəhrəmanlarına təqdim olunsun. Əslində bu müraciət Azərbaycan mətbuatının tarixində əbədi şərəf səhifəsi tək qalmalıdır. Biz fəxr etməliyik ki, xalqın ən şərəfli övladları məhz bizim müraciətimiz nəticəsində bizim adımıza tikilmiş binaya bizim dəvətimizlə köçəcəklər. Sosial şəbəkə qaragüruhçuluğu, yeri gəlmişkən, mən bu barədə az qala hər həftə danışıram, bu təşəbbüs ətrafında xoşagəlməz aura yaratmağa çalışırlar. Amma nahaq. REAL-ın əməkdaşları arasında da sosial şəbəkələrdə məsələyə fərdi maraq baxımından yanaşanlar var. Anlayıram. Amma biz bu kanalı şəhidlərin, qazilərin kanalı elan etmişik. Bu sadəcə söz deyil. Bu prinsipdir. Fəlsəfədir.

Təsəvvür edirsiz, xüsusi təyinatlı şəhidlərin ailələri o binalarda yaşayacaq, ora canlı məbəd olacaq. Qənimətlər Parkı varımızdı. Bu da olsun Qənimlərin binası. Əksinə mən düşünürəm ki, o ailələrlə qonşu olmaq böyük məsuliyyətdir. Azərbaycan tarixinin ən uca məqamında qərar tutmuş insanların qonşusu olan digər iki binanın jurnalistlərindən təşəbbüs gözləyirəm. Bu binanın şəhid ailələrinə, Qarabağı, müqəddəs Şuşa şəhərimizi işğaldan azad etmiş xüsusi təyinatlılara verilməsindən sonra o şəhərcik müqəddəs olacaq. Kəbə kimi. Bax o müqəddəs ruhların əhatə dairəsində yaşayan jurnalistlərimizə çətin olmayacaq ki? Məncə olacaq... Bəlkə diskusiyanın səmtini dəyişək?! Jurnalistlərimiz üçün daha əvvəl tikilmiş iki binada neçə jurnalist var: bizim təşəbbüsümüzə qoşulan?! Gözləyirəm. Vicdan - vücud sözündəndir. Bunu bilirdiniz? Ya vücud, ya da vicdan!


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/yazarlar/575248.html