Hədəfimiz Qərbi Azərbaycandır - Əziz Ələkbərli

 16:03 28.07.2021     48

“Hədəfimiz Zəngəzur, Göyçə, İrəvan və bütün Qərbi Azərbaycandır! Son yüz ildə deportasiya və soyqırımılara məruz qalaraq qovulmuş insanlarımız mütləq öz dədə-baba yurdlarına qayıdacaqlar!”

Publika.az-ın xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli rəhbərlik etdiyi icmanın hesabat konfransı zamanı deyib.

Deputat Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsindən sonra bölgədə yaranmış yeni reallıqlar zəmnində Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələrdən danışıb.

O, İcmadakı struktur və kadr dəyişikliklərini də məhz bu baxımdan zəruri addım hesab edib.

Konfransda QAİ-nin strukturunda əsaslı dəyişikliyin təsdiqindən sonra təşkilati məsələlərə baxılıb. Qərbi Azərbaycan İcmasının 29 nəfərdən ibarət İdarə Heyəti seçilib. İdarə Heyətinə tanınmış ziyalılar, alimlər, İcma sədrləri daxil edilib.

Millət vəkili Əziz Ələkbərli yenidən Qərbi Azərbaycan İcmasının sədri, Mirfaiq Mirheydərli sədrin 1-ci müavini, Abduləli Həsənov, Fəxrəddin Nəbiyev, Həqiqət Hacıyeva, Azadə Novruzova sədrin müavinləri seçiliblər.

Telli Pənahqızı Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Namiq Muradov Gənclər Təşkilatının sədri seçiliblər.

İdrak Rəhimoğlu Qarakilsə, Ələsgər Məmmədov Amasiya, Binnət Əsgər, Məhəmməd Vəliyev Allahverdi, Ziyəddin Əliyev Dərəçiçək, Kamil Məmmədov Dərələyəz, Bəxtiyar Abdullayev Böyük Qarakilsə, Mirzə Ənsərli Barana, İman Məmmədov Göyçə icmasının sədri vəzifələrinə təsdiq ediliblər. Qərbi Azərbaycan üzrə digər rayon və kənd icmalarının formalaşdırılması və təsdiqini davam etdirmək QAİ İdarə Heyətinə həvalə olunub.

Gorus, Qarakilsə, Qafan və Meğri rayonlarını əhatə edən Zəngəzur icmasının bundan sonra Qərbi Zəngəzur İcması adlanması qərara alınıb.

Tural Turan


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/364124.html