Tapança-tüfənglə tankın qabağına çıxmaq çətindir - Abbasov

 23:54 28.07.2021     70

Məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Əfsuslar olsun ki, turnirdən kənarda qaldıq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə Yunanıstan "Olimpiakos"una 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, bu görüş komandası üçün yaxşı təcrübə olub: "Əsas odur ki, ruhumuzu ortaya qoya bildik. Buradan üzüqara çıxmırıq. Hər iki görüşdə xarakterimizi ortaya qoya bildik. Uşaqlara təşəkkürümü bildirirəm. Belə oynamaq cəsarət tələb edir".

Abasov müdafiəçi Ömər Buludovun erkən əvəzlənməsinin səbəbini açıqlayıb: "Futbolçular bu cür matçlarda böyüyür. Kim ruhla oynamayacaq, mandrajda olacaqsa, həyatı da belə keçəcək. Oyundan əvvəl hansı futbolçunun belə oynayacağını kimsə bilirsə, onun yanında öyrənə bilərik. İlk matçda Ömər Buludovun oynamamasının səbəbini soruşanlar bu gün onun niyə meydana çıxdığını sual verirlər. Futbolçu əvəzlənməsini istədi, biz də dəyişdik. Mənim tanıdığım Ömər bizə yalan deməz. Hər bir oyun gənclər üçün təcrübədir".

Baş məşqçinin sözlərinə görə, əlindəki heyətlə mübarizəni davam etdirəcək: "Hücumçu olmayanda bəzi dəyişikliklər etməlisən. Ən azı bu ruhda oynamalıyıq. Tapança-tüfənglə tankın qabağına çıxmaq çətindir. Bir-iki dəfə olar, üçüncüdə mütləq axsayırsan. Hara kimi gedəcəyik, bunu zaman göstərəcək".

Təcrübəli mütəxəssis deyib ki, komandanı motivasiya etmək heç vaxt ona çətinlik yaratmayıb: "Buna gücümüz var. Artıq heyətimiz güclənməlidir. Bu, nə vaxt baş verəcək, dəqiq deyə bilmirəm. Ən azı bugünkü ruhla oynamalıyıq ki, azarkeşlərimiz bizə inansınlar. Onların inamını itirmək istəmirik".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/576034.html