Alova qarşı birgə mübarizə: Azərbaycan qardaşının yanındadır

 21:12 30.07.2021     57

“Qardaşımız gəldi”.

Ötən il Türkiyənin Elazığ bölgəsində baş verən zəlzələ zamanı zərərçəkənlərin Azərbaycan xilasedicilərini qarşıladığı bu sözlər “bir millət, iki dövlət”in ruhunu ifadə edirdi.

Azərbaycan həmişə qardaşının yanındadır. Bu 100 il öncə də belə idi, 100 sonra da. Beynəlxalq platformalarda, siyasət meydanında, təbii fəlakətlərdə ilk yardıma gedən Azərbaycandır.

- “Dövlət çevrilişinə cəhd” zamanı Türkiyənin yanında qətiyyətlə dayananda da;

Prezident İlham Əliyev beynəlxalq platformalarda qardaş ölkəyə hücumlar zamanı “Türkiyə burada deyilsə, mən varam” deyəndə də;

- Türkiyənin enerji ilə bağlı problemi yarananda Azərbaycan dəstək verəndə də;

- Şərqi Aralıq dənizində Yunanıstanın Türkiyəyə qarşı hücumları zamanı yunan səfirini Bakıda qəbul edən İlham Əliyev “Sona qədər Türkiyənin yanında olacağıq” xəbərdarlığını edəndə də;

- Təbii fəlakətlər zamanı müraciəti gözləmədən dəstəyini göndərəndə də;

Azərbaycan bir prinsiplə hərəkət edirdi: Qardaşıma kömək etmək.

Bu yardımlarda heç bir təmənna yoxdur, Türkiyə-Azərbaycan qardaşlığını gücləndirən əsas amil də məhz budur. Türkiyə nə vaxt dara düşərsə, ilk yardımına gedən Azərbaycandır və bu qarşılıqlıdır. Vətən müharibəsi bunun ən gözəl nümunələrindən biri hesab edilə bilər.

Hazırda qardaş ölkənin ciyərləri yanır: son üç gündə başlanan yanğınlar Türkiyənin 60-dan çox ərazisinə ciddi ziyan vurub. Türkiyənin müvafiq qurumları yanğınların söndürülməsi istiqamətində çalışır, lakin köməyə ehtiyac var və ilk hərəkətə keçən, qardaşının yardımına gedən Azərbaycan oldu.

Azərbaycan ilk olaraq yanğınların söndürülməsi üçün helikopter göndərdi.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana zəng vuraraq, başsağlığı verdi və lazımi dəstək veriləcəyini bildirdi. Birinci vitse-prezident Mehriban Əliyeva qardaş ölkəyə başsağlığı verdi.

Və bu gün bu gün 500 nəfərlik yanğınsöndürən heyət Türkiyəyə gedir. 500 nəfərlik heyət yanğına qarşı türk qardaşları ilə birlikdə sona qədər mübarizə aparacaq.

Bu, Azərbaycan və Türkiyənin qardaşlıq nümunəsidir. Və ən vacib məqamlardan biri bu yardımın iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsinin ruhuna uyğun olmasıdır.

Bəyannamədə iki ölkənin bütün sahələr üzrə bir-birinə dəstəyi əksini tapır. Azərbaycan həm də Müttəfiqlik Müqaviləsinə uyğun olaraq öhdəliyini yerinə yetirir.

Qardaş Türkiyənin yanındayıq və inanırıq ki, Azərbaycanın dəstəyi ilə yanğınlar qısa zamanda söndürüləcək, qardaşımız bu çətinliyin də öhdəsindən gələcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/576475.html