Ən böyük arzularımdan biri Şuşa qalasına getməkdir - Aktaş

 22:06 30.07.2021     66

Bu Zəfərin həsrətini böyük sıxıntılar içində uzun illər gözlədik. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu bu şərəfli tarixi yaşamağı bizlərə nəsib etdi. Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün Türkiyə hər zaman olduğu kimi, bu şərəf mübarizəsində də Azərbaycanla birlikdə oldu. Can Azərbaycana bağlı hər bir xoş səda qəlbimizin istəyi, gündəlik arzu və duamızdır. Çanaqqala zəfəri və Qafqaz İslam Ordusunun Bakını azad etməsi ilə bağlı tarixi missiyası bizim üçün nədirsə, Qarabağ qalibiyyəti də eyni əhəmiyyətə malikdir.

Axar.az xəbər verir ki, bunu Bursa Böyükşəhər bələdiyyəsinin sədri Əlinur Aktaş Azərtac-a deyib.

Hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərində böyük quruculuq işlərinin aparılmasına, o cümlədən hava limanlarının, yolların, elektrik stansiyalarının tikilməsinə, “ağıllı kənd”lərin qurulmasına münasibət bildirən Əlinur Aktaş qeyd edib ki, Qarabağ bölgəsi ilə Bursanın iqlimində və coğrafiyasında, hətta təbii qaynaqlarında belə böyük oxşarlıqlar var. Bursa cümhuriyyət tariximizdə böyük inkişaf yolu keçərək hazırkı mərhələyə yüksəlib. Bir sıra məsələlərdə, o cümlədən turizm və mədənçilik sahələrində, eləcə də qış turizminin qurulmasında təcrübəmizi bölüşməkdən məmnunluq duyarıq. Ən böyük arzularımdan biri tarixi Şuşa qalasını ziyarət etməkdir. Təəssüf ki, erməni vandalizmi otuz illik işğal dövründə əsarətdə saxladığı ərazilərdə hər şeyi, hətta təbiəti də məhv edib. Bununla bağlı videolar ürəkləri dağlayır. Lakin əminəm ki, Azərbaycan bütün imkanları ilə ən qısa zamanda böyük qayıdışı təmin edəcək.

Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bütün dünya üçün örnək olduğunu deyən bələdiyyə sədri diqqətə çatdırıb ki, dostluq və əməkdaşlıq, həyata keçirilən beynəlxalq layihələr böyük bir coğrafiyaya sülh, əmin-amanlıq, inkişaf, tərəqqi və rifah vəd edir. “İftixarla deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət!”, böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadələri həyat reallığıdır. Əminəm ki, Qarabağ zəfərinin ardınca bölgədə nəqliyyat kommunikasıyaları eyni vaxtda açılacaq və bu, türk dünyasının bütün sahələrdə birliyinin daha da möhkəmlənməsinə təkan verəcək. Bursa ictimaiyyəti olaraq bundan sonra da hər zaman Can Azərbaycanın yanındayıq”, - deyə A. Aktaş vurğulayıb.

Meşə yanğınları ilə mübarizə və fəlakətin fəsadlarının aradan qaldırılması üçün Azərbaycanın Türkiyəyə yardım göndərəcəyini bildirən bələdiyyə sədri qardaşlıq dəstəyinə görə Azərbaycana təşəkkür edib. O deyib: “Qoy Azərbaycan-Türkiyə qardaşlığı və birliyi əbədi olsun!”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/576477.html