Protein qəbulu müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükə yarada bilər

 22:20 30.07.2021     57

Protein əzələ kütləsinin inkişafı və böyüməsi üçün vacib qida əlavəsidir. Onun tərkibində karbon, hidrogen, oksigen və kükürd kimi təbii birləşmələr var. Həmin qida vasitəsi orqanizmdəki enerjini təmin edir, hüceyrələrə və bədəndəki əzələlərə təsir göstərir.

Milli.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, proteinin miqdarı hər orqanizmə görə fərqlidir. Protein normada qəbul edilməlidir ki, əks təsirləri olmasın: "Ümumi standartlara uyğun götürsək, hər kiloqram bədən çəkisinə görə 1-1,5 qram zülal qəbul etmək lazımdır. Ancaq bəzən idmançılar, fiziki işlə məşğul olanlar, ağır işdə çalışanlar hər kiloqram bədən çəkisinə görə 2 qram zülal qəbul edə bilərlər. Bu halda onlar artıq orqanizmin faydalı zülal miqdarını təmin etmiş olurlar".

Bəzi idmançılar təbii deyil, süni, yəni toz halında olan proteinlərdən istifadə edirlər. Mütəxəssislər belə qidaların mənfi təsiri olmadığını deyirlər. Hətta mədə əməliyyatı olanlara və yaxşı qidalanmayanlara protein tozunu məsləhət görürlər. Ancaq söhbət tam keyfiyyətli və sertifikatlı qida əlavələrindən gedir. Mütəxəssis deyib: "Bu zaman çox diqqətli olmaq lazımdır, çünki onların əksər hissəsinin tərkibində soya tərkibli geni dəyişdirilmiş zülallardan istifadə olunur və onlar orqanizmdə demək olar ki, mənimsənilmir. Müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükələrə səbəb ola bilər. Eyni zamanda, qidalarla da zülal miqdarının çox qəbul olunması sağlamlıq üçün zərərli ola bilər".

Doğrudur, qəbul edilən proteinlə lazımi maddələri əldə etmək mümkündür, lakin unutmaq olmaz ki, arzu edilən bədən quruluşuna sahib olmaq düzgün qidalanmadan və məşqin keyfiyyətindən də asılıdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/968712.html