Psixoloq: Panik atak son dövrlər 40-60 yaşlı şəxslərdə də müşahidə edilir

 22:40 30.07.2021     58

Nevroloji problemlərdən yaranan panik atak xəstəliyi bütün dövrlərdə mövcud olub. Lakin son vaxtlar təxminən hər 10 nəfərdən birində panik ataka rast gəlinir. Panik atak gözlənilmədən gələn vahiməli haldır. Anidən başlayan güclü nigarançılıq və qorxu tutması xəstəliyin göstəricisidir. Xəstəliklə əlaqədar müraciətlər yeni növ koronavirus (COVID-19) pandemiyası və Vətən müharibəsi kimi ekstremal şəraitlərin artması səbəbi ilə intensiv hal alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, psixoloq İradə Hüseynova panik atak xəstəliyi barədə məlumat verib.

Bildirib ki, əvvəllər panik atak yeniyetmələrdə və qadınlarda daha çox müşahidə edilsə də, son dövrlər 40-60 yaşlı şəxslər də bu xəstəlikdən əziyyət çəkirlər: "Panik atak fizioloji, bioloji, psixoloji və genetik səbəblərdən yarana bilər. Xəstəlik əsasən qorxudan və təşvişdən yaranır. Bəzilərində təşviş halı xroniki hala çevrilir və panik atak baş verir. Panik atak keçirənin ürək çırpıntıları artır, xəstə həyəcan keçirməyə başlayır. Arterial təzyiq yüksəlir, tərləmə və ya titrəmə baş verir. Belə xəstələrdə ölüm qorxusu olur. Xəstə panik hal kəskinləşdiyi zaman təcili tibbi yardımın çağırıldığını biləndə sakitləşməyə başlayır".

Həkim-mütəxəssis qeyd edib ki, xəstəliyin kəskinləşməməsi üçün panik atak əlamətlərini hiss edənlər mütləq mütəxəssisə müraciət etməlidirlər: "Panik atak sağalan xəstəlikdir. Bu xəstəlikdən əziyyət çəkənlərin yaxınları bilməlidir ki, panik atak xəstəni öldürmür, amma onu çox pis vəziyyətə salır. Bu xəstəlikdən əziyyət çəkənlərə soyuqqanlı yanaşmaq doğru deyil. Lakin panik atak keçirənlərin hər dediyini etmək, tez-tez təcili tibbi yardım çağırmaq lazım deyil. Çünki bu, xəstədə vərdiş halına çevrilə bilər. Sadəcə, xəstə ilə empatiya qurub, onunla dərdləşmək lazımdır".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/968719.html