Göz üçün faydalı qidalar

 23:50 31.07.2021     63

Gözləri qorumaq üçün həm gigiyenik qaydalara, həm də qida rasionuna riayət etmək lazımdır. Orqanizmin sağlamlığı həm də düzgün qidalanmadan asılıdır. Görmə qabiliyyətinə müsbət təsir edən əsasən antioksidantlar, C vitamini, Omeqa-3-lə zəngin olan qidalardır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-oftalmoloq Gültəkin Məmmədova deyib: "Həftədə bir dəfə dəniz məhsulları və balıq yemək tövsiyə olunur. Cevizlərin tərkibində Omeqa-3 çoxluq təşkil edir. Gündə beş-altı ədəd qoz, fındıq, badam, püstə yemək də göz sağlamlığı üçün çox faydalıdır. Çiy və ya yüngül bişmiş halda kök, beta-karotinlə zəngin olan qarğıdalı kimi məhsullar da gözün qidalanmasında mühüm rol oynayır. Çoxlu su içmək və gigiyena qaydalarına əməl edilməsi də vacib məsələdir".

Göz xəstəliyindən əziyyət çəkənlər də qida rejiminə diqqət yetirməlidirlər: "Hər hansı göz xəstəliyi varsa, qida əlavəsi deyilən vitamin kompleksi qəbul olunmalıdır. Məsələn, yaşla əlaqədar olaraq distrofiyanın müalicəsində lütein çatışmazlığı olur və bu zaman lütein tərkibli preparatlar təyin olunur",- deyə həkim-oftalmoloq bildirib.

Qeyri-sağlam qidalanma gözlərin fəaliyyətinə mənfi təsir edir. Ona görə də hər zaman faydalı ərzaqlara üstünlük vermək məsləhətdir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/968835.html