Tokio 2020: 3 idmançımızın medal şansı...

 01:18 01.08.2021     68

Tokio 2020 Yay Olimpiya Oyunlarının 10-cu günündə 3 idman növü üzrə Azərbaycanın 3 idmançısı mübarizə aparacaq.

Axar.az xəbər verir ki, 10 metr məsafəyə hava tapançasından atəşaçmada 20-ci nəticə göstərən Ruslan Lunyov 25 metrdən sürətli atışlarla hədəfi dəqiq nişan almağa çalışacaq.

Təsnifat mərhələsinin ilk atışları Bakı vaxtı ilə 03:30-dan etibarən həyata keçiriləcək. Ertəsi gün növbəti atışlardan sonra finalçıların adına aydınlıq gələcək. Avqustun 2-də həmçinin həlledici mərhələ baş tutacaq.

Ölkəmizin atletika növündəki iki idmançısından biri Anna Skidan çəkicatma üzrə yarışacaq. Karyerasında ikinci dəfə dördilliyin zirvə yarışına qatılan 29 yaşlı Avropa mükafatçısı, Rio 2016-da biraddımlığında qaldığı final mərhələsinə yüksəlməyə çalışacaq.

"Bürünc"ü sığortalayan Alfonso Dominqes (81 kq) medalının əyyarını artırmağa çalışacaq. 26 yaşlı Kuba əsilli boksçumuz yarımfinalda həmyerlisi, Rio 2016-nın qalibi Arlen Lopes ilə üz-üzə gələcək.

Qeyd edək ki, Tokio 2020-yə 44 idmançı ilə qatılan Azərbaycanın hesabında rəsmiləşmiş 1 medal var. Ölkəmizə "bürünc"ü qadın cüdoçu İrina Kindzerska (+78 kq) qazandırıb. 23 təmsilçimiz Oyunlarla əliboş vidalaşıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/576712.html