Böyük Britaniya İrana nota verdi - SƏBƏB

 00:31 03.08.2021     63

Böyük Britaniyanın İrandakı Səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Publika.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər nazirinin körfəzdəki qeyri-sabit vəziyyətin yaranmasında İranı təqsirkar hesab etməsi rəsmi Tehranın etirazına səbəb olub.

Müvəqqəti işlər vəkilinə İranın etirazı çatdırılıb və izah edilib ki, körfəz İran üçün strateji xarakter daşıyır və rəsmi Tehran burada qeyri-sabit vəziyyətin yaranmasında maraqlı deyil. Tam əksinə İran dəniz sərhədlərində sabitliyin hökm sürməsini istəyir. Körfəzdə sabitliyi İran deyil, uzaq ölkələrdən bura hərbi gəmilər göndərənlər pozmaq istəyirlər.

Müvəqqəti işlər vəkili rəsmi Tehranın etirazını öz hökumətinin nəzərinə çatdıracağını bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın İrandakı səfiri məzuniyyətdə olduğu üçün Xarici İşlər Nazirliyinə onu əvəz edən müvəqqəti işlər vəkili çağırılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/avropa/364667.html