Amaliya Pənahovanın xatirə barelyefinin açılışı oldu - FOTO

 01:41 03.08.2021     54

Avqustun 2-də görkəmli teatr və kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahovanın (1945-2018) Bakı şəhərində yaşadığı binanın (Fikrət Əmirov küçəsi 1) fasadında barelyefinin açılış mərasimi keçirilib.

Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mərasimdə mədəniyyət naziri Anar Kərimov, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov, xalq artistləri Həmidə Ömərova, Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Rasim Balayev və aktrisanın digər həmkarları iştirak ediblər.

Mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək Amaliya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib. Bildirib ki, görkəmli sənətkar Azərbaycanın ən sevimli teatr və kino xadimi idi: “Azərbaycan xalqı onu çox sevirdi. Amaliya xanım 40 il teatr və kino sahəsində çalışdığı dövrdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmışdı. Aktrisa müstəqillik dövründə dövlətimizin ən ali mükafatlarına layiq görülmüşdü. Onun yaşadığı binada barelyefinin qurulması dövlət tərifindən unudulmaz sənətkarımızın fəaliyyətinə göstərilən diqqətin göstəricisidir”.

Sənətkarın teatr sahəsindəki əzmkar fəaliyyətinə diqqət çəkən nazir söyləyib ki, bundan sonra da teatr sahəsində Amaliya xanım kimi, yetişdirdiyi sənət adamları da fədakarlıq göstərərək onun yolunu davam etdirəcək, arzularını həyata keçirəcəklər.

Anar Kərimov bildirib ki, Amaliya xanım 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə “Əməkdar artist”, 1985-ci ildə isə Azərbaycan SSR-in “Xalq artisti” fəxri adları verilib. 1982-ci ildə “İlin aktrisası” elan edilib, 1998-ci ildə isə Türk dünyası kino festivalında türk xalqlarının altı populyar artisti sırasında adı qeyd olunub. Böyük sənət fədaisi 1995-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” ordenlərinə, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü idi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Amaliya Pənahovanın həyat və fəaliyyətindən söz açıb. Deyib ki, Amaliya xanımın çalışdığı teatr, kinostudiya və deputatı olduğu Milli Məclis onun evi idi: “Onun ifa etdiyi rollar yaşayır və bundan sonra da yaşayacaq. Bir arzusu var idi ki, Təhminə roluna yenidən çəkilsin. Ancaq amansız ölüm buna imkan vermədi. Nə yaxşı ki, bizim həyatımızda, ömrümüzdə Amaliya Pənahova kimi insan var idi”.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev sənətkarın çoxşaxəli fəaliyyətindən bəhs edib: “Amaliya xanım Yeni Azərbaycan Partiyasının fəaliyyətində də yaxından iştirak edirdi. O, xalqına sənəti kimi bağlı insan idi”.

Xalq artistləri Azər Paşa Nemətov, Rasim Balayev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və digər çıxış edənlər unudulmaz sənətkarla bağlı xatirələrini bölüşüb, onun sənət dünyasından bəhs ediblər. Qeyd edilib ki, Amaliya xanım bacarıqlı rejissor kimi də özünü sınayıb. Sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın “Qızıl fond”unda saxlanılır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Amaliya Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gənc aktyorlar nəslinin yetişməsi böyük əmək sərf edib. O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Sonra müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyev olan barelyefin açılışını bildirən qırmızı lent kəsilib.

Qeyd edək ki, Xalq artisti Amaliya Pənahovanın barelyefi Nazirlər Kabinetinin 21 iyun 2019-cu il tarixli sərəncamına əsasən hazırlanıb. Sərəncamda sənətkarın yaşadığı binaya onun xatirə lövhəsinin vurulması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/art/364672.html