Rusiya Zəngəzura əlavə qüvvə göndərdi

 22:49 03.08.2021     66

Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi ideyası Zəngəzurda (Sünik) qismən həyata keçirilib.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın İctimai Televiziyasına açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin problemli bölgələrinə yerləşdirilmək üçün Rusiyadan xeyli sayda əlavə heyət gətirilib.

O, iyun ayında Zəngəzura səfər etdiyini, Rusiya və Ermənistan sərhədçilərinin sərhəd postlarını yoxladığını deyib.

Səfir deyib ki, Rusiya sərhədçilərinin, Rusiya bayrağının olması sabitliyin qorunması və hər hansı bir gərginliyin qarşısını almaq üçün vacibdir. O bildirib ki, gündəlik problemlər yaranırsa, onların həllində Rusiya sərhədçiləri iştirak edir:

“Digər problemli ərazilərə gəldikdə isə məsələlər Rusiyanın fəal iştirakı ilə müzakirə olunur. Bu problemin əhəmiyyətini başa düşürük, Rusiya müvafiq addımlar atmağa hazırdır. Amma bu, üçtərəfli formatda müzakirə tələb edən bir məsələdir. Praktiki işlər aparılır”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/577319.html