Polkovnik AÇIQLADI: Bölgədə gərginliyi bu azaldacaq

 14:01 05.08.2021     39

Prinsip olaraq Ermənistanın bizə qarşı münasibəti dəyişməyib. Biz ərazi bütövlüyümüzü bərpa edib sərhədləri dəqiqləşdiririk.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.

Hərbi ekspert qeyd edib ki, Ermənistan dövləti əvvəl olduğu kimi indi də dezinformasiya yaymağa davam edir: “Ermənilər hələ də bölgədə sülhün olmasını istəməyib vəziyyəti gərginləşdirirlər. Azərbaycan dövləti sülh danışıqlarına başlamaq üçün öz fikirlərini səsləndirib. Ermənistanın daxilindəki bəzi qüvvələr bölgədə vəziyyətin stabilləşməsini istəmir. Həmin o qüvvələr radikal fikirlərlə yaşayır və Ermənistan daxilində onların təsiri böyükdür. Xaricdən bəzi ölkələrin və erməni lobbisinin təhriki ilə onlar sərhəddə gərginlik yaradır. Yəni orada vəziyyətin gərgin olmasında maraqlı olan dövlətlər var və onların Ermənistan üzərində təsiri yetəri qədərdir. Digər tərəfdən, Ermənistan hakimiyyətinin gücü olmadığı üçün o qüvvələr qarşısında aciz qalır. 10 noyabr bəyanatının şərtlərinə əməl edilməsi və sülh müqaviləsinin bağlanması ilə bölgədə gərginlik azalacaq. Ermənistanla olan sərhəd çox böyük ərazini əhatə edir və onlar müəyyən şəkildə bizə mane olmaq istəyirlər”.

Şair Ramaldanov vurğulayıb ki, Ermənistan dövləti gərginlik yaradaraq sərhədlərin dəqiqləşdirilməsinə çətinlik yaradır: “Ermənistan 30 il ərzində torpaqlarımızı talan edib və onlar beynəlxalq qurumlar qarşısında cavab verəcək. Ermənilərdə heç nə dəyişməyib, əvvəl necə münasibət bəsləyirdilərsə, indi də o cür davranırlar. Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan tapşırıqları uğurla yerinə yetirir. Biz öz sərhədlərimizi bərpa edəcəyik və heç kim bizə təsir edə bilməz. Ermənistan Azərbaycanla müharibə edəcək vəziyyətdə deyil. Çünki müharibənin başlaması üçün nə Ermənistanın səbəbi, nə də hərbi cəhətdən gücü var. Onlar ciddi təxribata əl ata bilməz, çünki dəmir yumruq yerindədir. Ali Baş Komandan İlham Əliyev bu məsələ ilə bağlı öz fikrini deyib və xəbərdarlıq edib. Hər hansı bir ölkə Azərbaycanın torpağına göz diksə, dəmir yumruq yenidən işə salına bilər”.

Rahib Ələsgərov


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/364937.html