Döyməyə baş tapmayacaqsan

 14:23 05.08.2021     42

Leyla Sarabi

Deyirəm, sosial şəbəkələr olmayanda necə yaşamışıq?! Günümüzün dəminə dönən bütün məsələləri zaman sandığında gizlədirmiş. Bəlkə də bu səbəbdən "əvvəllər belə şeylər yox idi" deyib özümüzü aldadırıq.

Əminəm ki, ətrafımızda baş verən bütün faciələr artıqlaması ilə yaşanırdı. Sadəcə, küçədən keçən hər kəs potensial operator deyildi.

Bugünlərdə qarşıma video çıxdı. Dayə küçənin ortasında uşağı döyür, yoldan keçənlərdən kimi qacetini işə salır, kimisə də etiraz edir. Ən əsası, hamı uşağın valideynlərini tapmağa can atır.

Ümumiyyətlə, uşaq mövzusu mənim üçün ən məsumdur, bir o qədər də həssasdır. Mənim ürəyim göynədisə, gör, ana hansı haldadır. Heç 1 gün keçmədi, döyülən uşağın anası ilə hadisəni araşdıran şəxsin telefon söhbəti yayıldı. Artıq heç nəyə təəccüblənməyəcəm deyib, hər dəfə yenidən boğazımadək şokda batıram. Ana dayəni bataqlıqdan çıxarmaq istədiyi halda ikisini də palçığın lap içinə çəkirdi. Mənim uşağım xəstədir... autistdir... Bəzən özüm də onu idarə edə bilmirəm. Nəticə: Ana xəstə uşağını idarə edə bilmədiyi üçün dayəyə əmanət edir. Ana autist oğlunu özü də dayədən az döymür.

Bəli, mən uşaq böyütməyin sosial şəbəkədə ən kövrək sitatlarla paylaşdığımız pak fotolardan ibarət olmadığını dərk edirəm. Ən böyük eşq boyda, bir o qədər də gərgin, elə o miqdarda da stressli prosesdir. Çünki mən bilirəm, biz bu dünyaya yeni can doğmaqla məsələ bitmir. O canı təraşlayıb, forma verdikcə, əsəb, ağrı, məyusluq da doğub tökürük.

Bəlkə də mən ziyadə detallara varıram, amma övladımın 20 il sonrasını da xəyal edəndə bacarmamaq qorxusundan, həyat kompasının barmaqlarını qırmaq şübhəsindən ovuclarım tərləyir.

Xüsusən də mövzunun mərkəzi milyonlara nəzərən zamanı barmağında oynadan, bir ovuc meşəsi yanıb, dodağı susuzluqdan can verən, rəngbərəng balaları göynəyən dünyanı bizə məchul rənglərdə görən uşaqdırsa...

Qoy anası onu autistdir bəhanəsi ilə idarə edə bilməsin. Amma hər üzünə baxanda öpüşün ən gözəl idarə sistemi olduğunu anlasın. Bizdən 5 qat, 10 qat artıq mərhəmətə möhtac olduğunu, balasının toxunulmazlığını nəinki dayəsinə, bütün müqəddəslərinə öyrətsin.

Heç unutmuram, parkda autist oğlunun ətrafında pərvanə olan, yaşından 2 arşın qoca görünən, gözündən yuxu tökülüb torpağı keyidən o qadını. Bəzən 6 ay qadınların ömründən 30 il alıb aparır. Şəhid anaları kimi...

Qadını müşahidə etdikcə ürəyinin də başqa nizamla döyündüyünü eşidirdim. Bilmirəm, bəlkə də çəkimi, boyumu vurub bölsəm, onun 1 qramı da etmirdim. Hətta bizdən də dayanıqlı orqanlarının varlığına inanmağa başlayırdım. Uşağını da məsafədən sevməyə alışırdı. Toxunan kimi qışqırıb özünü döyürdü sərçə canı ilə.

Mən oğrun-oğrun bu kosmik münasibəti süzdükcə, ana mənə yanaşırdı. Qaynar gözləri ilə toqquşduğum məqama oyandım. Soruşdum, autistdir? Atası da autistdir. Məndən gizlədirdilər, gözübağlı ərə verdilər. Sonradan öyrəndim. Balam da ona oxşadı. Aparmadığım həkim, kurs qalmayıb. Gah sakitləşir, gah da belə coşur. Toxunmağa da qoymur. Mən balam üçün canımı itə atıram.

Bəs bu ömrümü yeyən qansızın (əri) anası niyə vaxtında yetimçəsinə əlac axtarmayıb?! Hələ evləndirib ki, mənim də bədənim çürüsün.

Bəlkə də ömrümdən yolustü keçən qadın. Bəlkə də gördüyüm minlərlə fərqli uşaqdan sadəcə biri. Həyatımın ən gözəl divarından asdığım analıq dərsi. Dişi dilini kəssə də, uşağının toxunulmazlığına toxunmayan ana. Nə fərq edir, autisti, hiperaktivi, istedadlısı, adidən adisi, dünyaya gətirdiyin sənindir. Döysən də, dönüb sən olacaq, söysən də...

Oğlunun ruhunu sağalt. Sağaltmadan evləndirmə. İdarə edə bilmədiyin uşağı dayə deyə başqasının körpəsinə tapşırma. Sabah öyrətdiyin kimi özünü idarə edə bilməyib, özünün də, dayəsinin də, arvadının da başını kəsəcək. Döyməyə baş da tapmayacaqsan.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/koshe/364932.html