Bir millətin dostu da birdir, düşməni də!

 16:12 05.08.2021     65

Bir millətin dostu da birdir, düşməni də!
Təxminən iki gün öncə axşamüstü bir araya gəldiyim dostlarla Türkiyədə baş verən meşə yanğınlardan danışırdıq. Söhbət Azərbaycanın dəstəyindən, azərbaycanlı yanğınsöndürənlərin, xilasedicilərin fədakarlığından gedəndə, hər kəs bir ağızdan, sanki öncədən sözləşibmişlər kimi, uca səslə "bəs necə olmalıydı" sualının şırnağına bürüdülər məni. Az qala məni də "yanğın" bilib "söndürəcəkdilər".

"Belə olmalıdır, bunu mən də bilirəm", - dedim. Təbii ki, qarşılığında "o zaman niyə soruşursan" sualı səsləndi və bu suala daha ətraflı cavab vermək məcburiyyətində qaldım:

Çünki sosial şəbəkələrdə olduqca bəsit, ikrah doğuran ifadələrlə müşayiət olunan görüntülərlə, nəinki Türkiyənin, bütün Türk Dünyasının bir ovuc közdə yanmasını arzulayanlarla səs-səsə verənlərin təəccüb, heyrət dolu paylaşımlarıyla qarşılaşıram.

Çünki bütün bunların Azərbaycan-Türkiyə qardaşlığının, bir millətin mənəvi birliyinin, bütövlüyünün təbii nümunələrindən biri olduğunu anlamayanları görürəm...
Haşiyə: Yanılmıramsa, 1989-cu ilin oktyabr ayı idi... Yenicə yazdığım şeiri oxuyurdum dostlarıma və dost bildiklərimə:

...Tor tutdu gözüm, axdı yenə qanlı yaşım, gəl,

Zülmün daşına dəydi dizim, dəydi başım, gəl,

Ver əllərini, yet dadıma arkadaşım, gəl,

Qaldır səsini, səndə olan qeyrətə qurban,

Ya Rəbb, məni qurban seçəcək millətə qurban!

... "Arkadaş" sözünə etiraz edənlər də tapıldı. Zamanla Türk Dünyası, ortaq tariximiz, dəyərlərimiz, dilimiz, mədəniyyətimiz haqqında yazdıqlarım da bəzən qınaq, bəzən isə məsxərə mövzusu oldu... 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80-ci ildönümünə həsr olunmuş təntənəli tədbirin senarisində dilimizi vəsf edərək "fateh dilim" ifadəsini işlətdiyimə görə, o zaman "Ağ Evdə" oturanlardan birinin - bozun ətrafında daldalanan qara hikkəli çaların hədəfinə də çevrilmişdim. Sonra "Bir millət, iki dövlət" şüarının və strategiyasının müəllifinin iradəsi qarşısında susdular, qınlarına çəkildilər və nəhayət... çəkildilər - gözümüzün önündən və həyatımızdan...

...30 il ərzində milli iradənin təntənəsi üçün nələrdən keçmişik, nələrdən... İndi kimlərdə boşboğazlıqlarını, qıcıq doğuran, bizim üçün müqəddəs sayılan dəyərlərin gözdən salınmasına xidmət edən bəsit şüarçılıqlarını milli iradənin təntənəsi üçün "yol xəritəsi" hesab edirlərsə, yanılırlar. Ziyan vurublar, həm də çox!
Azərbaycanın yenidən Türk Dünyasının fikir mərkəzinə çevrilməsinin yolu, sözçülükdən, hay-küy və çığırtıdan yox, praktik addımlardan keçib. Addım-addım, səbrlə, saysız-hesabsız maneələrə sinə gərərək gəlib çıxmışıq bu günə... Yuxarıda haqqında söz açdığım, bir səslə, xorla ifadə olunan sualın ucadan səsləndirilməsinin mümkün olduğu zaman kəsiyinə... min bir sınaqdan keçərək varmışıq. Fikirdən, sözdən işə keçməyin ən çətin və əhəmiyyətli hissəsi ilk addımların atılması, "Bir millət, iki dövlət" strategiyasının özünü əməldə büruzə verməsidir. Bu strategiyadan və onun doğurduğu nəticələrdən kənarda nə varsa, qüsura baxmayın, şüarçılıqdan başqa bir şey deyil. Kim Bakı-Tbilisi-Ceyhan neft kəmərindən (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən (BTQ), Trans-Anadolu təbii qaz boru xəttindən (TANAP) daha gözəl, daha faydalı və zamanın zövqündə dayanan "şüar" səsləndirə bilər? Düşünürəm ki, heç kim! Azərbaycanla Türkiyənin birliyini təmil edənlərin özünü əməldə büruzə verən "Yol Xəritəsi" bu günkü qardaşlığımızın, bir-birimizə olan təmənnasız sevgimizin, qarşılıqlı fədakarlıqlarımızın təməlini təşkil edən etimad sütunudur. Milli İradənin təntənəsini təmin edən də bu qarşılıqlı etimadı, güvəni yarada bilənlərin siyasi iradəsi, qətiyyətidir!
Bu gün Azərbaycanlı yanğınsöndürənlər və xilasedicilər Türkiyədə minillər boyu dillərdə dastan olacaq qardaşlığın nümunələrini yaradırlar. "Azərbaycanlılar yanğınla savaşır" deyir Türkiyəli qartdaşlarımız, "sanki düşmənlə döyüşürlər". Gözəl olduğu qədər də gerçəkliyi əks etdirən deyimdir. Biz tarix boyu bütün maneələri savaşaraq keçmişik və bu ekoloji terroru da, savaşaraq yenəcəyik!

Bir millətin dostu da birdir, düşməni də!

Qəzamız mübarək olsun!

Elçin Mirzəbəyli


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/970179.html