Oktyabrın 8-i, 8-ci post, 8 güllə yarası... - FOTO

 22:08 20.09.2021     55

Qarabağ qazisi, Azərbaycan Ordusunun kapitanı Mahur Həmidov 1991-ci il aprelin 26-da Rusiya Federasiyasının Nijni Novqorod şəhərində anadan olub. Mahurun kiçik yaşlarından ən böyük arzusu hərbçi olmaq idi. Bu arzusuna çatmaq yolunda ilkin addımı 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmaqla atdı. 2012-ci ildə həmin məktəbi bitirən Mahur Həmidov Azərbaycan Ordusunda peşəkar hərbçi kimi fəaliyyətə başlayır.

Milli.Az bildirir ki, Vətən müharibəsi qazisi AZƏRTAC-a müsahibəsində deyib: "Ötən il sentyabrın 27-də Ermənistan ordusunun təxribat törədərək ölkəmizə qarşı hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Bir hərbçi kimi müharibənin ilk günlərindən silahıma sarılıb döyüşlərə qatıldım. Bu anı səbirsizliklə gözləyirdim. Lakin bilirdim ki, bu yolda geri dönməmək də var: ya şəhid olacaqdıq, ya da qazi. Amma ki, bu son idi, torpaqlarımızı erməni terrorçularından təmizləyəcəkdik. Hər birimiz böyük ruh yüksəkliyi ilə döyüşlərə atıldıq. Bir şüarımız var idi: "Bir addım geri çəkilməmək prinsipi ilə irəli!" Əzəli və əbədi ərazilərimizi qarış-qarış azad etdikcə daha böyük şövqlə irəliləyirdik. Xalqımız da həmrəy olub bizə dəstək verirdi. Ən arxa cəbhədən ən öndəki cəbhəyə qədər qırılmaz bir bağ yaranmışdı. "Dəmir yumruq" olub düşmənə amansız zərbələr vururduq. Düşünürəm ki, onlar bu zərbənin təsirini bundan sonra neçə yüzilliklər ərzində də unuda bilməyəcəklər.

Füzuli istiqamətində 7 postu düşməndən təmizləmişdik. Oktyabrın 8-i idi, 8-ci postun azad edilməsi uğrunda gərgin döyüş gedirdi. Üzbəüz döyüş zamanı 8 güllə yarası aldım. Ayın 8-i, 8-ci post, 8 güllə yarası... Çox maraqlı bir təsadüf yaranmışdı. Lakin səkkiz rəqəminin ən böyük möcüzəsi noyabrın 8-də mədəniyyət beşiyimiz Şuşanın azad edilməsi ilə gerçəkləşdi. Ötən il mənim üçün sanki 8 rəqəmləri ilə yadda qaldı.

Ağır yaralanmışdım. Ölkəmizdə bir neçə dəfə əməliyyat keçirdim. Yerimə qabiliyyətimi tamam itirdiyim üçün "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyəyə göndərildim. Orada da dörd dəfə əməliyyat olundum. Üç ay idi ki, qardaş ölkədə müalicəm davam edirdi. Vətənə yenicə qayıtmışam. Şükür ki, səhhətimdə irəliləyiş var. Əsa ilə də olsa yeriyə bilirəm".

Ordumuzun gənc əsgərdən tutmuş peşəkar zabitinə qədər hər bir hərbi qulluqçusunun yüksək əzmkarlıq və cəsarətlə döyüşdüyünü deyən M.Həmidov döyüşlər vaxtı onu qürurlandıran və duyğulandıran məqamlardan da söhbət açıb: "Neçə-neçə qəhrəman silahdaşım şəhid oldu. Hərbçi kimi nə qədər möhkəm və dözümlü olsam da bu, mənim üçün çox ağır idi. Lakin Zəfərimizlə həm torpaqlarımızı azad edib şəhidlərimizi arzularına qovuşdurduq, həm də qanlarını yerdə qoymadıq. Xalqımızın birliyi, gənc əsgərlərin qorxmazlığı, bir-birini tanımayan döyüşçülərin bir-birindən ötəri həyatını təhlükəyə atması... bunlar hamısı çox qürurverici anlar idi. Bir sözlə, həmrəyliyimiz qalib gəldi.

Duyğulandığım məqamlardan biri də döyüşlərin davam etdiyi vaxtda övladlarımdan birinin atamla məni görməyə gəlməsi idi. Müharibə idi, hər şey ola bilərdi. Lakin çox şükür ki, yaralansam da ailəmin yanına dönmək qismət oldu. Döyüşlərdə olanda da gözüm arxada qalmamışdı. Bilirdim ki, şəhid olsam dövlətimiz, xalqımız doğmalarımı, iki övladımı tək qoymayacaq".

"YAŞAT" Fondu da qazilərin, şəhid ailələrinin müraciətini cavabsız qoymur, onların ehtiyaclarının qarşılanması üçün çalışır. Fonda edilən ianələr xalqımızın qədirbilən olduğunu bir daha sübut edir. Çünki ianələr hesabına qazilər öz sağlamlıqlarına geri dönmək imkanı qazanırlar. Buna görə də hər kəsə minnətdaram", - deyə Vətən müharibəsi qazisi bildirib.

Qeyd edək ki, M.Həmidov "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/981208.html