Amilinin gözünə görünən "meymunlar", yaxud şarlatanın itməkliyi

 09:00 21.09.2021     40

Arazın o tayından Azərbaycana boylanan və hər fürsətdə təhdidlər yağdıran molla Seyid Həsən Amilinin “şirin quyruğuyla oynamayın” söhbəti Molla İbrahimxəlil Kimyəgarın meymun məsəlini xatırlatdı.

Molla İbrahimxəlil ondan gümüş istəyənlərə deyir: “İksir butədən çıxıb tamam olan zamana qədər ki, bir saatdır başlanıb, itmamına iki saat qalıb, gərəkdir ki, meymunu yadınıza salmayasınız və meymun şəklini xatirinizə gətirməyəsiniz”.

Gümüş eşqinə düşənlər cavab verirlər ki: “Ağa, tamam dağların heyvanatı meymun şəklinə, böyük həmdunələr sifətinə dönüb, uzun quyruqları ilə nəzərimdə basışırlar, üstümüzə hücum gətirirlər”. (M.F.Axundzadə” Hekayəti Molla İbrahim-Xəlil Kimyagər”).

İndi Azərbaycanda nə baş verirsə, Arazın o tayında Amilinin və onu üstümüzə göndərənlərin gözündə məlum və məlun meymun şəklinə dönüb düşür üstlərinə. Ki, Amilinin “quyruqlu şiri” də elə Molla İbrahimin meymunundan, özü də “gümüş eşqinə” düşənlərdən çox da seçilmir.

Onun “gümüşləri” Azərbaycan torpaqlarından 30 illik işğala son qoyanda batdı. Hər kəsə bəllidir ki, işğal dövründə İran vətəndaşları işğalçı rejimlə, hətta separatçı-terrorçularla əməkdaşlıq edib, necə ki, bu gün İran şirkətləri eyni işi davam etdirirlər: onlar işğal altındakı torpaqları “arıq eşşəyin oylağına” çevirmişdilər və əkin-biçindən tutmuş, təbii sərvətlərə qədər hər şeyindən yararlanır, yaxşı pul qazanırdılar; qazananlardan biri də elə Amili idi və işğala son qoyandan sonra onun davamlı şəkildə Azərbaycana hücum çəkməsinin arxasında həm də şəxsi biznesini itirməsi dayanır;

Yenidən “gümüş eşqinə” düşən səviyyəsizliyi ilə məşhur Amilinin Azərbaycandakı hər şeyi üstünə cuman “meymun” gözündə görməsi təəccüblü deyil.

Səviyyəsi(szliyi), cahilliyi ilə Cəlil Məmmədquluzadənin molla obrazlarından seçilməyən Amili hər cümə Ərdəbildə elə özünün səviyyəsində moizə oxuyur, hər mozisində də Azərbaycana hücum çəkir.

Son moizəsində Azərbaycanı İsraildən pul almaqda ittiham edir: bu ittihama cavab verməyə belə lüzum yoxdur, çünki molla Amilinin savadı imkan vermir ki, Azərbaycanın iqtisadi imkanlarından xəbər tutsun. Bilsin ki, başqa ölkələr maliyyə yardımı almaq üçün Azərbaycana üz tutur.

Bir başqa ittihamında Azərbaycanın İsraildən silah almağına deyinir. Və yenə anlamır ki, Azərbaycan raket almaq üçün öncə Amilinin adından danışdığı, həm də Amili kimi savadsızın adından danışmağına şərait yaradan İran dövlətinə müraciət etmişdi. Rəsmi Tehran cavabında Şahab raketlərini Azərbaycana satmaqdan imtina etdi: niyə imtina etdi, işğalçı Ermənistanın xoşuna gəlməməkdənmi çəkindi? Bu da ayrı bir mövzudur. İranın əvəzinə İsrail Azərbaycana Lora raketlərini satdı.

Amili isə moizələrində mədrəsədə uşaqlara nağıl öyrədən mollalar kimi absurd ittihamları Azərbaycana ünvanlayır. Və obrazı ilə adaşı Molla Həsəndən (Cəlil Məmmədquluzadənin “İranda hüriyyət” hekayəsi) fərqlənmir. Molla Həsən yayda da, qışda da, payızda da, baharda da başını məscidin dalında başını səkiyə dayayıb gic-gic məktublar yazır, mərəkə qoparırdı, Seyid Həsən də yay-qış gic-gic ittihamlarla, iddialarla şəbeh çıxarır, din pərdəsi altında maskalanaraq, şarlatanlıq edir.

Azərbaycan xalqını düşmən gözündə görən bu şarlatan təkcə Arazın bu tayındakı azərbaycanlıları yox, o tayındakı 30 milyonluq İran azərbaycanlılarını da təhqir edir. Bu şarlatanın təhqirləri həm də təmsil etdiyi ərdəbillilərə ünvanlanıb. Cənubdakı soydaşlarımız bu şarlatana dözməməli, cavabını verməli, yerində oturtmalıdır, yoxsa ipi yığılmayacaq.

Arazın bu tayında isə bizim ruhanilərin səsini çıxarmağını gözləyirik. Və sual edirik:

- Ruhanilərimiz Amili kimi şarlatanların tərbiyəsizliyinə, ləyaqətsizliyinə niyə cavab vermirlər?
- Şeyx həzrətləri niyə susur, nə vaxt ayağa qalxıb İrandan gələn bu tərbiyəsizliyə dirəniş göstərməyə başlayacaq?
- Milli məsələdə başda Şeyx olmaqla ruhanilərimizin susqunluğunun səbəbi nədir, indi danışmayacaqlarsa, bəs nə vaxt danışacaqlar?

Asif Nərimanlı


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/369781.html