Tarixçi alim Hacı Şahinə müraciət etdi: Susursunuzsa, deməli...

 23:17 21.09.2021     54

Tanınmış tarixçi alim, dosent Zaur Əliyev Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənliyə açıq müraciət edib.

Kult.az sözügedən müraciəti təqdim edir:

Hörmətli Hacı Şahin

Mütamadi olaraq Azərbaycan dövlətinə qarşı aqressivlik göstərən və hədə-qorxu gələn, əksər hallarda çıxışlarında dövlətimizə təhqirlər belə səsləndirən, ərazi bütövlüyümüzü və ən pisi milli kimliyimizi hədəf seçən İran İslam Respublikasının din xadimlərinə qarşı susmağınızı başa düşmürəm. Siz işçisi olduğunuz Qafqaz Müsəlmanları İdarəsindən və onun rəhbərliyindən qorxursunuz, yoxsa İran rəhbərliyindən?

İzn verin sizə bir az islamda Vətən anlayışı barədə bir neçə məlumat verim.

Məlumunuz olsun ki, islam – həqiqət və müdriklik dinidir. Bu din müsəlmanları vəhdətə və birliyə çağırır və camaatdan ayrılmış qruplaşmalardan və fitnədən uzaq durmağı əmr edir. Odur ki, müsəlman öz həmvətənləri ilə əlaqə saxlamalı, onlarla bir olmağa doğru can atmalı və öz aralarında yardımlaşma bağlarını möhkəmləndirməlidir. Bir sözlə, islam dininə müvafiq olaraq, müsəlman öz ölkəsinin təhlükəsizliyini və sabitliyini təhdid altına salan daxili və xarici təşkilatlarla əməkdaşlıqdan çəkinməlidir. Belə təhdid olacağı təqdirdə isə susmamalıdır.

Qurani Kərimi oxumusunuz. İslamda vətən anlayışı Quran etibarilə "ərz", "bələd", "bəldə", "diyar" , hədislərdə isə bizim dilimizdə də işlədildiyi kimi "vətən" şəklində ifadə olunmuşdur. Bu o deməkdir ki, islamın insandan tələb etdiyi ilk iş yaşadığı məkanını, vətənini abadlaşdırmaqdır. Bu barədə Hud surəsinin 61-ci ayəsində belə buyurulur: "Sizi torpaqdan yaradan, orada həyat verən və oranı abadlaşdırmağınızı istəyən Odur".

Bilirsiniz İmam Əli (ə) nə deyir: "Ölkələr vətən sevgisi ilə abad olar".

Yaxud İmam Əli (ə) nəslindən olan İmam Zeynalabidinin (ə) etdiyi duada nə deyir: "Allahım, bizə ruzi bolluğu və vətənimizin əmin-amanlığını bəxş et!"

Hörmətli Hacı Şahin!

Bilirsiz, Azərbaycanda və dünyada elə dini təriqətlər var ki, onlar “vətən” anlayışını qəbul etməyərək özlərini yalnız müəyyən islami camaatlara və ya təşkilatlara aid edir və bununla da onların rəhbərlərinə və idarəçilərinə tam sadiq olurlar. Bu cür insanları milli kimlik və dövlət mənsubiyyəti maraqlandırmır. Əksinə, onlar vətəndaşları olduqları doğma müsəlman ölkəsini öz vətəni hesab edən hər kəsi qınayır və onlara nifrət bəsləyirlər.

Mən sizin susmağınızdan belə başa düşürəm ki, siz də deyəsən, bunlara aidsiniz. Bilirsiz, susmaqla sizin özünüzü Vətəndən nə qədər kənarda tutduğunuz görünür. Sizin bu düşüncəniz “islam siyasəti” (əs-siyəsə əş-şəriə) prinsiplərinə ziddir. Çünki islam müasir müsəlman dövlətləri zəminində vətən və vətənpərvərlik anlayışlarını nəinki inkar edir, əksinə, təsdiq və izah edir.

Son olaraq sizə bildirmək istəyirəm ki, mən islam dini mövzusunda sizin qədər dərin biliyim olmasa da, Vətən və onu necə sevməyi, düşmənə cavab verməyi qat-qat sizdən yaxşı bilirəm. Allah Quran ayələri, Peyğəmbər (s) vasitəsilə Vətəni qorumağı şəri bir vəzifə kimi bizə göstərmişdir.

Vətəni qorumaq və lazım olduğu zaman onun uğrunda vuruşaraq ölmək islami vəzifələrin ən vaciblərindən biridir. Çünki din, namus və müstəqillik kimi müqəddəs şeylər yalnız Vətən sayəsində mühafizə edilə bilər.

Və son olaraq Peyğəmbərin (s) bir kəlamını yadınıza salım: "Hubbul-vətəni minəl-iman" - yəni "Vətəni sevmək iman əlamətlərindəndir".

Və əgər siz İran din xadimlərinin cavabını vermək əvəzinə susmağı üstün tutacaqsınızsa, indidən səfinizi bəlli edin!


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/588543.html