COVID pasportuna görə neçə müəllim məktəbə buraxılmır? - Rəsmi CAVAB

 20:30 27.09.2021     36

Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərinə COVID-19 pasportu olmaması səbəbilə buraxılmayan müəllimlər haqqında məlumat verib.

Milli.Az xəbər verir ki, nazirlikdən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əyani tədris prosesinin başlandığı sentyabr ayının 22-dən bu günədək belə bir fakt qeydə alınmayıb.

Qeyd edək ki, sentyabrın 22-dən Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayıb. Sentyabrın 29-dan isə digər siniflər və ali təhsil müəssisələrində  tədris əyani formada başlayacaq. Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na əsasən, təhsil müəssisələri işçilərinin azı 80 faizinin COVİD-19 pasportunun (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilməyəcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/983022.html