Poloskova: Şuşa əməliyyatı məni heyrətləndirdi

 01:14 28.09.2021     59

İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun qələbəsində həlledici rolu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin hazırladığı və reallaşdırdığı hərbi əməliyyatların düzgün strategiyası və taktikası, eləcə də azərbaycanlı hərbçilərin rəşadəti oynayıb.

Axar.az xəbər verir ki, bunu Trend-ə Rusiyanın birinci dərəcəli dövlət müşaviri, siyasət elmləri doktoru Tatyana Poloskova deyib.

O bildirib ki, bu müharibə Azərbaycanın qələbəsi ilə başa çatmaya bilməzdi, çünki ölkə və onun xalqı haqlı məsələ uğrunda mübarizə aparırdı:

"Belə hallarda isə xalqı məğlub etmək mümkün deyil. Məni daha çox Şuşa şəhərinin azad edilməsi əməliyyatı heyrətləndirdi. Cənubi Qafqazda qanun və ədalət zəfər çaldı. Biz hamımız bilirik ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq, BMT-nin tələblərini diqqətə almayaraq Azərbaycan ərazilərini işğal edib. Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda geosiyasi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan özünü Cənubi Qafqazda lider kimi, Türkiyə isə dünyada ciddi güc potensialı olan güclü regional dövlət kimi göstərib. Məhz Türkiyə və Azərbaycanın strateji ittifaqı indi Cənubi Qafqazda sabitliyin və müsbət dəyişikliklərin təminatçısıdır.

Müharibədən əvvəl Ermənistan mətbuatında və Rusiyanın səriştəsiz tok-şoularında "ermənilər döyüşçüdür, azərbaycanlılar isə alverçi" kimi fikirlər səsləndirilirdi. Amma Vətən müharibəsinin nəticələri göstərdi ki, azərbaycanlılar dinc əməklə də məşğul ola, öz torpaqları uğrunda mübarizə də apara bilər. Mən xüsusilə Azərbaycan qadınlarının qəhrəmanlıqlarını, həm əlində silah doğma torpaqları qoruyan və həlak olan qadınları, həm də müdafiəçiləri tərbiyə edən, döyüş əməliyyatları zamanı onları mənəvi dəstəkləyən qadınları qeyd etmək istərdim. Vətən müharibəsində qələbənin Azərbaycan xalqının ümumi qələbəsidir. Mən şadam ki, biz rusiyalı həmkarlarımızla birgə informasiya müharibəsində Azərbaycana kiçik də olsa öz töhfəmizi verə bildik".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/590007.html