Türkiyədən Haftarın Moskvadan qaçmasına – Reaksiya

 15:10 14.01.2020     73

Almaniya hökumətinin təşəbbüsüylə Liviya konfliktinin həlli ilə bağlı məsləhətləşmələr Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın mövqeyi dəyişməyənə qədər heç bir əhəmiyyət kəsb etməyəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Haftarın Liviyada atəşkəs müqaviləsini imzalamaqdan imtina etməsi kimin savaş, kimin sülh istədiyini nümayiş etdirir. Berlin prosesi Haftar bu cür davam edənə qədər əhəmiyyət kəsb etməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac və Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Moskvaya səfər edərək, görüş keçirib. Rusiya və Türkiyənin vasitəçiliyi və iştirakı ilə baş tutan görüşün sonunda tərəflərə atəşkəs haqqında müqaviləni imzalamaq təklif edilsə də, Haftar bir gün vaxt istəyib. Amma gecə Haftar müqaviləni imzalamadan Moskvanı tərk edib.

Bu gün isə “Əl-Ərəbiyyə” müqavilədə “Liviya Milli Ordusunun maraqları nəzərə alınmadığı üçün” Haftarın sazişi imzalamadan Moskvadan getdiyi haqda məlumat yayıb.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/436958.html