Kütləvi həbslər YENİDƏN BAŞLADI

 16:58 14.01.2020     20

Ukrayna Hava Yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin raketlə vurulmasına reaksiya olaraq küçələrə axışan İran xalqı ilə polis arasında insidentin miqyası genişlənib.

Publika.az xəbər verir ki, etiraz aksiyalarında 30 nəfər saxlanılıb.

İran Məhkəməsinin mətbuat katibi Qulam Hüseyn İsmaili paytaxt Tehranda keçirdiyi mətbuat konfransında aksiyaların icazəsiz olduğunu bildirib. O, milli təhlükəsizliyin hədəf alınmasına, xalqın təhlükəsizliyinin qorunmasına və xarici qüvvələrin hərəkətlərinə tolerant davranmayacaqlarını ifadə edib.

Qeyd edək ki, Tehrandan Kiyevə getmək üzrə havaya qalxan “Boeing 737” tipli sərnişin təyyarəsi İranın hava hücumundan müdafiə kompleksləri tərəfindən vurulmuşdu. Nəticədə, 176 nəfər həlak olmuşdu. Onlardan 82-i iranlı, 63-ü kanadalı, 11-i ukraynalı, 10-u isveçli, 4-ü əfqan, 3-ü alman, 3-ü isə ingilis olub.

İran təyyarənin texniki səbəbdən qəzaya uğradığını desə də, 3 gün sonra raketlə vurulduğunu etiraf etmək məcburiyyətində qalmışdı.

Xatırladaq ki, İranda son olaraq benzinin bahalaşmasından sonra baş qaldıran etiraz aksiyalarında qeyri-rəsmi məlumata görə, 4 minə yaxın insan həbs olunmuşdu.

Zümrüd


Xəbərin mənbəyi: https://publika.az/news/region/301899.html