Fəzail Ağamalı şəhid zabitin atası ilə görüşdü – Foto

 22:53 17.01.2020     43

Milli Məclisə keçirilən seçkilərə 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verib.

Axar.az xəbər verir ki, bu gün Xələc kəndində keçirilən görüşdən öncə Fəzail Ağamalı 2016-cı ilin aprel döyüşlərində şəhid olan baş leytenant Rəşid Mehdiyevin coxsaylı seçicilərin iştirakı ilə ata ocağında olub. Şəhidin atası Rövşən Mehdiyevlə birgə kəndin Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra Xələc kəndində seçicilərlə görüş keçirilib. Fəzail Ağamalı son dönəm deputatlıq fəaliyyəti və ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin önəmili tərəfləri üzərində dayanıb. Seçicilərin rəy və təklifləri ətrafında fikir mübadiləsi aparılıb.

Seçicilər qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini söyləyib, ona uğurlar arzulayıblar.

Daha bir görüş seçki dairəsinin ərazisində yaşayan Qarabağ qazilərilə keçirilib. 60-dan çox qazinin iştirak etdiyi görüşdə Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdikləri diqqət və qayğı minnətdarlıq hissilə qeyd olunub. Eyni zamanda onlar tərəfindən qaldırılan bir sıra problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə qazilər Fəzail Ağamalını dəstəklədiklərini vurğulayıb, ona seçkilərdə qələbə arzulayıblar.


Xəbərin mənbəyi: https://axar.az/news/gundem/437961.html