Putin proseslərə daha uzunmüddətli nəzarət edə bilər - POLİTOLOQ

 22:58 17.01.2020     50

“Medvedev inzibati sistemdə mühüm rol oynayan şəxs olaraq qalır”.

Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.



Politoloq bildirib ki, Medvedevin istefaya getməsi gözlənilən idi: “Dəyişikliklər və ya idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı olan fikirlərin ərsəyə gəlməsi, yaxud birinci şəxs tərəfindən bu təşəbbüsün irəli sürülməsi əslində gözlənilən idi. Sadəcə forması və vaxtı bilinmirdi. Dəyişiklikləri siyasi sistemin tranziti adlandırmaq olar. Çünki mövcud siyasi sistem və oyunçuların münasibətlərinin qaydaları 2010-cu ilin ortalarında müəyyənləşdirilib”.

İ.Vəlizadə Qazaxıstandakı siyasi gedişatın Rusiyada da baş vermə ehtimalı olduğunu bildirib: “Ötən il Qazaxıstanda mühüm siyasi dəyişikliklər baş verdi. Nursultan Nazarbayev istefa verdi. Lakin Təhlükəsizlik Şurasına başçılıq etməyə davam edir. Şuranın isə idaretmədə xüsusi çəkisi var. Yəni ora başçılıq etməklə həm siyasi proseslərdən kənarda qalmır, həm də hakimiyyətin legitimliyini saxlayır. Rusiyada da oxşar ssenari bu və ya digər şəkildə reallaşa bilər. Formalarda dəyişiklik mümkündür. Belə ki, Qazaxıstanda Təhlükəsizlik Şurasının səlahiyyətləri artırılıb. Putin Dövlət Şurasının rolunu dəyişdirərək, ona başçılıq etməklə siyasi proseslərə daha uzunmüddətli nəzarət edə bilər”.



Politoloq hesab edir ki, Mixail Mişustinin təyinatının Azərbaycanla əlaqələrə xüsusi təsiri olmayacaq: “Azərbaycan-Rusiya münasibətləri əsasən Prezidentlərin dialoqları vasitəsilə tənzimlənir. Bu baxımdan yeni Baş nazirin seçilməsinin əlaqələrə xüsusi təsiri ola bilməz”.

Məhərrəm Əliyev


Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/302225.html