“Səndən başqasına səs vermərik” dedilər... – Xalq şairi

 00:44 18.01.2020     47

Bu gün Neftçalada görüşlərə başladım. İlk getdiyimiz yer rayonun ən ucqar kəndlərindən olan Xəzərkənd idi.

Axar.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşlər barədə sosial şəbəkə hesabında paylaşıb. VHP lideri yerli sakinlərlə çox səmimi görüş keçirdiyini qeyd edib:

“Ucqar deyirlər, amma bura Muğanın ortası, geniş əkin-biçin sahələri olan, bərəkətli bir yerdir. Düzdür, gözü doymayan bəzi imkanlılar Xəzərkəndin torpaqlarına da əl uzadıblar. Ancaq geci-tezi torpaq onu becərənindir. Havanın soyuq və yagışlı olmasına baxmayaraq, kənd camaatı, ağsaqqallar, ziyalılar bələdiyyə binasının qarşısına toplaşmışdılar. Seçkilərdə vəkilim, Xolqaraqaşlı kənd orta məktəbinin direktoru, ədəbiyyatçı, rayonun tanınmış və fəal ziyalı xanımlarından olan Ruhəngiz Nəcəfovanın Bakının ictimai-siyasi və ədəbi mənzərəsinin kəndlərimizdən necə aydın göründüyünü təsdiq edən çıxışı məni ürəkdən sevindirdi. Xəzərkənd müəllimləri, ağsaqqallar kəndin qayğılarından və məndən umduqları yardımlardan söz açdılar. Çox səmimi və səviyyəli görüş idi. Xəzərkəndlilər məni “səndən başqasına səs vermərik!” deyərək yola saldılar. Sağ olsunlar!"


Xəbərin mənbəyi: https://axar.az/news/gundem/437984.html