"Qəbələ"nin ikinci matçının yeri və saatı müəyyənləşdi

 08:13 18.01.2020     53

"Qəbələ" mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "qırmızı-qaralar" Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 6-ci gününü başa vurub.

Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşib. Meydançada məşq edən futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Bölgə təmsilçisi sabah növbəti yoxlama oyununu keçirəcək. Yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubu ilə üz-üzə gələn komanda (0:3) bu dəfə Rusiya təmsilçisi "Çayka" ilə qarşılaşacaq. "Titanik" meydançasında baş tutacaq oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Pesçanokopskoyeni təmsil edən "Çayka" klubunun əsası 1997-ci ildə qoyulub. 23 yaşlı klub Rusiya çempionatının 1-ci dəstəsində - Milli Futbol Liqasında mübarizə aparır. 25 oyunda 36 xal toplayan komanda cari mövsümün qış fasiləsinə 9-cu pillədə yollanıb.

Qeyd edək ki, "Qəbələ" Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın "Etar", 25-də bu ölkənin digər təmsilçisi "Dunav"la qarşılaşacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/818950.html