Qışda piylənmə nəyə görə artır? - Dietoloq səbəbləri AÇIQLAYIB

 23:20 18.01.2020     55

Qış aylarında piylənmə daha çox artır. Buna səbəb həmin mövsümdə daha az su içməkdir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-dietoloq Tutu Zeynalova lent.az-a müsahibəsində deyib.

Dietoloq bildirib ki, hər gün ən azı çəkimizin 3 faizi qədər su içməliyik. Məsələn, 70 kiloqram çəkisi olan insan gündə 2,1 litr saf su içməlidir. Bura çay, qəhvə, kofe və digər içkilər daxil deyil. Çalışıb bütün içkiləri saf su ilə əvəzləməliyik: "Eyni zamanda, hazır qidalardan, "fast food"lardan minimum az istifadə etməli, təbii qidalara üstünlük verməliyik. Xüsusən işləyən şəxslərin yemək çantaları olmalıdır və sifariş verilən yeməklərdən uzaq qalınmalıdır".

Həkim onu da vurğulayıb ki, piylənmənin səbəbləri arasında oturaq həyat tərzi də xüsusi yer tutur. Onun sözlərinə görə, həyat tərzini dəyişərək piylənmənin qarşısını almaq olar: "İlk növbədə fiziki aktivliyi artırmalıyıq. Hər gün ən azı yarım saat, həftədə minimum 150 dəqiqə təmiz havada piyada gəzmək (templi yürüş) lazımdır. Su içməyi də adət halına çevirməliyik".

Dietoloq onu da deyib ki, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 8,1 faizində həddindən artıq piylənmə müşahidə edilir, 47,2 faizinin bədəni isə piylənmə ərəfəsindədir.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/817804.html