Koronavirus

Üç aya "peşəkarlıq" vədi verən ixtisas kursları - Araşdırma

 22:44 23.02.2020     148

Və ya bu cür kursların bir neçə aya verdiyi təhsil nə dərəcədə zəmanətlidir

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Son üç yerimiz qaldı. 3 aylıq təhsil paketimizdən yaraqlanmaqla siz də qrafik dizayner olun və günün ən çox tələb olunan mütəxəssislərindən birinə çevrilin". Bugünlərdə tədris kurslarının birinin sosial şəbəkə hesabında belə bir elanla rastlaşdım. Diqqətimi çəkmədiyini desəm, yalan olar. Çünki həqiqətən də günümüzdə ən çox tələb olunan peşələrdən biri də qrafik dizayner, veb-dizayner və marketinq mütəxəssisləridir. Əmək haqqı da digər işlərlə müqayisədə kifayət qədər yüksəkdir. Belə olan halda çox adam əsasən bu üç istiqamət üzrə kurslara gedib qısa müddətdə özünə iş tapmaq istəyir. Maraqlıdır, bu kurslarda verilən təhsil nə dərəcədə qaneedici olur? Ümumiyyətlə, cəmi üç aylıq kursa getməklə İT üzrə mütəxəssis olmaq mümkündür?

Mövzunu araşdırarkən bir neçə kursla əlaqə saxlayıb dərslər barəsində maraqlandıq. Bəlli oldu ki, qiymətlər heç də ucuz deyil. Ən ucuz qrafik dizayn kursunun qiyməti 150-200 manatdır.

Bu rəqəm 500-600 manata qədər arta bilir. Əksərən dərslər həftədə iki dəfə olmaqla iki saat müddətdə keçirilir. Amma intensiv, yəni həftənin hər günü tədris planı olan kurslar da var. Sonda imtahan verməklə kursdan sertifikat ala bilərsiniz. Bu müddət ərzində isə sizin portfolionuz hazır olacaq.

Kurslar mütəxəssis yetişdirmir
 
Marketinq Peşəkarları Dərnəyinin idarə heyətinin sədri Namiq Bayramov deyir ki, bu kurslar tələbələrə ümumi biliklərin qazanılmasında yardım edir. Təcrübə qazanmaq istəyənlər üçün də bir növ şans rolunu oynayır: "Əgər beş-on il təcrübəsi olan biri özünə peşəkar deməyə çəkinirsə, 3-5 aya hansısa kursun verdiyi təhsillə peşəkar marketoloq, qrafik dizayner, proqramçı olmaq mümkün deyil. Bütün sahələrdə olduğu kimi, adı çəkilən sahələrdə də işin nəzəri və praktik tərəfləri var. Bu iki tərəfi dərindən mənimsəmədikdə mütəxəssis olmaq mümkün deyil. Düzdür, marketinq üzrə universitet bitirən hər kəs də bu sahələr üzrə peşəkar olmur. Bu tip tədris kursları işin ümumi məğzini izah edir. Məsələn, kimsə marketinq departamentində çalışırsa, iş prosesində marketinqin praktik tərəfini mənimsəyə bilər. Amma nəzəri bazanı öyrənmək də bir o qədər vacibdir. Bəziləri dörd il universitet təhsili almaqdansa, müəyyən müddətə kurslara gedərək öz biliklərini artıra bilir. Yaxud da əksinə, təhsil alsa da, təcrübə keçməyən məzunlar var. Bu kurslar tələbələrə təcrübə qazanmaq imkanı verir. Amma diqqət etmək lazımdır ki, kurslarda sözügedən sahələrin hər iki məğzi izah edilsin. Yenə də deyim ki, heç bir kurs sizi sıfırdan dizayner, yaxud marketoloq edə bilməz. Hər peşənin özünəməxsus xüsusiyyətləri var. Məsələn, dizayn elə bir sahədir ki, insanın dizayn baxışı olmalıdır. Marketoloqdan isə strateji düşünmək bacarığı tələb olunur. Əgər bu xüsusiyyətlər sizdə varsa, həmin kurslar sizin bilik və bacarıqlarınıza təkan verə bilər. Yəni kurslar mütəxəssis yetişdirmir, sadəcə müəyyən dəstək verir". 
 
Müsahibim deyir ki, reklamda şişirtmə yolverilən haldır və buna tez-tez rast gəlirik: "Amma "3 aya qrafik dizayner ol" yalan reklamdır və yanlışdır. "Reklam haqqında" qanuna görə də bu, yolverilməz haldır. Belə reklamlara görə cərimələr nəzərdə tutulur. Bunun əvəzinə "3 aya öz peşəkarlığını artır" və yaxud bənzər cümlələrdən istifadə edə bilərlər".

Kursla mütəxəssis olmağa çalışanların çətinlikləri
 
İT üzrə mütəxəssis Rəşad Əliyev bildirir ki, 3-5 ay ərzində kurslar İT-də bəlli bir sahəni müəyyən xətt üzrə tədris edir: "Məsələn, proqramlaşdırma ilə bağlı kurslar tələbəyə bu müddətdə "Java" proqramlaşdırma dilini öyrədir. İT elə bir sahədir ki, 4-5 ildən bir proqramlaşdırma dili yenilənir. Alqoritmləşdirmə isə onun ümumi riyaziyyatını izah edir. Yəni riyaziyyat bu sahənin əsasıdır. Üstəgəl İT sahəsində mütəxəssis olmaq üçün məntiqi təfəkkür və düşünmə bacarığı tələb olunur. Riyaziyyatı və məntiqi yaxşı bilməyən şəxs heç vaxt peşəkar proqramçı ola bilməz. Bu kurslardan məzun olan tələbələr yeni proqramlaşdırma dilindən istifadə etməkdə çətinlik çəkirlər. Amma İT üzrə universitet təhsili alan şəxs bu işin alqoritimlərini öyrənir. Hansısa yeni proqramlaşdırma dili istifadəyə verildikdə bu məzunların təməl biliklərə ehtiyacı olmur. İşləmə prinsipinə uyğun olaraq tez bir zamanda çətinlik çəkmədən bunu mənimsəyə bilirlər. Yəni kurslar öz tələbələrinə bir şeyi xətti olaraq öyrədir". 

Təkmilləşmiş bilik üçün 3 ay kifayət etmir
 
Marketoloq Seymur Quliyev də sosial şəbəkədə belə kurs reklamları ilə  tez-tez rastlaşdığını gəldiyini söylədi: "Azərbaycanda marketinq, dizayn, İT sahəsini öyrədən bir sıra kurslar var. Amma məntiqlə götürdükdə hansısa sahəni bu qədər qısa müddətdə dərindən öyrənmək, əlbəttə, mümkün deyil. Çünki normalda insanlar 4 il marketinq üzrə bakalavr təhsili alırlar. Daha sonra isə bu sahənin magistr və doktorantura təhsili gəlir. Marketinq elə bir sahədir ki, durmadan yenilənir və bu müddətdə öyrəndiyimiz hər şey köhnəlir. Ona görə də düşünürəm ki, 3 ay müddətində kursa getməklə marketinq mütəxəssisi olmaq çətin məsələdir. Bu kurslarda tələbələr sadəcə, baza məlumatlarını ala bilərlər. Müəyyən köməkçi vasitələr və alətlər kurslarda tədris olunur. Amma bu biliklərin təkmilləşdirilmiş formada öyrənilməsi üçün 3 ay müddət kifayət etmir. Bu özünü aldatmaqdan başqa bir şey deyil. 6 ay müddətinə, həftədə iki dəfə dərs keçməklə heç kim hansısa sahəni peşəkar öyrənə bilməz. Bu gün ixtisas kurslarına üz tutan çox sayda insan var. Onların məqsədləri də aydındır. Müəyyən baza yığdıqdan sonra beynəlxalq sertifikatlar almaqla öz CV-lərini zənginləşdirmək istəyirlər. Bir çoxları həqiqətən də yeni nələrsə öyrənmək üçün kurslara gedirlər. İnsanların kurslarda iştirak etmək məqsədləri fərqli ola bilər. Məsələn, marketinq üzrə təhsil alan bir şəxs marketinq kursuna gedə bilər. Bu kurslarda o, öz məlumatlılıq səviyyəsini daha da artıra bilər. Azərbaycanda marketinq üzrə ixtisaslaşan kurslar çoxdur. Amma bunların içərisində keyfiyyətli tədris kurslarının sayı azdır. Məsləhətdir ki, kursa gedərkən müəyyən araşdırma edilsin və peşəkar səviyyədə tədris edilənlərə üz tutsunlar. Çünki bu kurslarda təcrübə qazanmaq mümkündür". 

Dizaynerin "diz"-i 
 
"Adobe Photoshop" üzrə ekspert adına yiyələnən ilk azərbaycanlı, "Code Academy"nin həm art-direktoru, həm də qrafik, veb dizayn üzrə təlimçisi Rizvan Bağırlı  bildirdi ki, 3 aya maksimum dizaynerin "diz"-i olmaq olar. Bu müddətdə siz yalnız primitiv texniki bilikləri və dizaynla bağlı bəzi nüansları öyrənə bilərsiniz. Nəzərə alın ki, bu kursların sayı həddən çoxdur və dərs deyən müəllimlərin də heç də hamısı peşəkar deyil. Bu da sizin dizaynı nə dərəcədə öyrəncəyinizi bir az sual altında qoyur. Adətən belə kurslar intensiv qrafiklə yox, həftədə 2-3 dəfə olmaqla dərs keçirlər. Bu rejimlə dizayner olmaq mümkün deyil. Bizdə kursun müddəti minimum 5-6 ay davam edir. O da intensiv rejimdə, yəni həftədə beş gün olmaqla hər gün dörd saat tədris edilir. Müəllimlərimizin də hər biri illərlə təcrübəsi olan mütəxəssislərdir".

Qeyd etdiyim ki, bu kursların qiyməti heç də ucuz deyil. Amma kifayət qədər maraqlanan və üz tutan şəxslər var ki, bunların da böyük bir qismini gənclər təşkil edir. Bəs bu kursların məzunları əmək bazarında özünə yer tapa bilirmi?

Namiq Bayramov deyir ki, bu cür kursları araşdırmaq, işinə peşəkar yanaşanlara müraciət etmək lazımdır: "Bəzi kursların partnyor şirkətləri var ki, kursu bitirən istedadlı məzunlarını bu şirkətlərə yönəldirlər. Amma bu, bütün kurslara aid deyil. Elə kurs var ki, texniki bilikləri öyrədir, sonra məzunları ilə maraqlanmır. Ona görə də bir qədər sanballı kurslara müraciət etmək lazımdır ki, sonda işlə təmin oluna bilsinlər. Çünki onlar öz məzunlarını əməkdaşlıq etdikləri şirkətlərə tövsiyə edərək müsbət referans verirlər. Bu mənada kifayət qədər peşəkar və işinə məsuliyyətlə yanaşan kurslarımız var. Amma insanları aldadan kurslar da az deyil. Nəzərə almaq lazımdır ki, öz CV-nə əlavə etdiyin sertifikatlara da işəgötürənlər tərəfindən baxılır. Yəni işəgötürən fikirləşir ki, bu kursun verdiyi sertifikat nə dərəcədə önəmlidir? Yox əgər bu pul qazanmaq xatirinə çap edilən rəngli kağızdan başqa bir şey deyilsə, işəgötürənlər bu sertifikata baxmayacaqlar. Əksər kurslarda tədrisi bitirən hər kəsə iştirak etdiyinə görə sertifikat verilir. Amma mənimsədiyi bilikləri tətbiq edə bilmirsə, həmin şəxsə sertifikat vermək olmaz. Təəssüf ki, kurslar bu məqama diqqət etmir". 

Şirkətlər yeni kadr axtarmaq məcburiyyətində qalır
 
Rəşad Əliyev bildirir ki, xüsusi xətt üzrə təhsil alan gənc məzunlar sonradan iş tapmaqda çətinlik çəkmir: "Məsələn, hüquq sahəsində təhsil alan biri kursda hansısa proqramlaşdırma dilini öyrənirsə, o, bu sahə üzrə özünə iş tapa bilər. Amma İT elə sahədir ki, zaman keçdikcə tələblər dəyişir. Qeyd etdiyim ki, "Java" proqramlaşdırma dilini bilən məzun İT-nin digər tərəflərini öyrənmədiyinə görə digər dilləri bilmir. Amma indi şirkətlərin tələbləri də tez-tez dəyişir. Belə olan təqdirdə şirkətlər yeni kadr axtarmaq məcburiyyətində qalır". 
 
Seymur Quliyev hesab edir ki, bu kurslarda iştirak edib əmək bazarında özünə yer tutan şəxslər çoxdur: "Onların arasında tanıdıqlarım da var. Bir çoxları müəyyən baza biliklərini daim təkmilləşdirməyə çalışırlar. Marketinq təlimlərinə qatılmaqla onlar öz bilik və bacarıqlarını daha da artırırlar. Əlbəttə, bu, müsbət haldır. Amma hansısa bədən tərbiyə müəllimi 6 ay kursa getməklə marketinq və kodlaşdırma öyrənə bilməz. Öyrənsə belə, mütəxəssis ola bilməz. Marketinq biznes ixtisasıdır və iqtisadiyyat sahəsi ilə bağlıdır. Marketinqi öyrənib bu sahə üzrə işləmək üçün iqtisadiyyata girişdən başlamaq lazımdır. Kurslar isə iqtisadiyyat deyil, marketinq alətlərini tədris edir. Bu da iştirakçıların axsaq şəkildə tədris almasına gətirib çıxarır. İqtisadiyyat elmi haqqında məlumatı olmayan, statistik analizi bilməyən biri marketinq tədqiqatlarını həyata keçirməkdə çətinlik çəkəcək və iqtisadi təsirləri ölçə bilməyəcək".

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/society/827921.html