Koronavirus

Bu addım Yardımlını dalan vəziyyətindən çıxaracaq və yeni bir inkişaf gətirəcək - Musa Qasımlı

 18:52 24.02.2020     74

Regionların sosial-iqtisadi inkişafı ölkə başçısının daim diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biridir.

Bu gündən etibarən millət vəkillərinin seçildikləri rayonun mövcud durumu, görülən və görülməsi gərəkən işlərlə bağlı fikirlərini təqdim edəcək, həmin rayonların mövcud mənzərəsini canlandırmağa çalışacağıq.

Bu səpgidə ilk müsahibimiz Yardımlı rayonundan seçilən millət vəkili Musa Qasımılıdır.

Saytımıza açıqlamasıdna son illər Yardımlı rayonunda mühüm işlər görüldüyünü vurğulayan millət vəkili, prezident İlham Əliyevin rayona ilk səfərindən sonra ciddi dəyişikliklərin müşahidə edildiyini bildirdi:

“Uzun illər boyu Yardımlı rayonunun başlıca problemi yol infrastrukturunun mövcud olmaması olub. Cənab prezidentimiz İlham Əliyevin ayağı Yardımlıya ilk dəfə dəyəndən sonra bu məsələdə ciddi dönüş əmələ gəlib. Yardımlı-Masallı avtomobil yolu yenidən tikilərək asfaltlanıb. Bununla bərabər, Yardımlıya ikinci bir yol çəkilib. Bu yol Cəlilabad-Yardımlı yoludur. Yeni yol məsafəni təqribən yarım saat qısaldır və yol boyunca keçilən kəndlərin inkişafına kömək edir.

Bu gün Yardımlının demək olar ki, bütün iri kənd inzibati mərkəzlərinə yollar ilin bütün fəsillərində işlək haldadır. Bununla belə, bəzi kəndlərə gedən yolların yenidən tikilməsinə ehtiyac var. Bunu mən Yardımlının deputatı kimi bilirəm və həmin kəndlərin adı mənə bəllidir. Bu gün Yardımlının ən ucqar dağ kəndləri olan Allar və Arvanaya ilin istənilən fəslində avtomobillə getmək mükündür. Bütün bu dəyişiklik və inkişaf bizim gözümüzün qarşısında olub.

Yardımlının uzun illər boyu ikinci problemi təbii qazla təmin olunmaması olub. Cənab prezidentimiz İlham Əliyevin Yardımlı səfərindən sonra bu sahədə də ilk addımlar atılıb. Bu gün Yardımlıda təbii qazla təmin olunmaq təqribən 33%-dir. Bu göstərici ölkənin digər rayonları ilə müqayisədə aşağıdır. Amma bu sahədə işlər davam etdirilir. Mənim bildiyimə görə, 2020-ci ildə rayona bitişik Ostayır və Dəlləkli kəndləri qazlaşdıırlacaq. Köryədi kəndinin qalan hissəsi də qazla təmin ediləcək. Holavar kəndinə də təbii qaz veriləcək. 2021-ci ildə daha bir neçə kənddə təbii qaz kəməri çəkiləcək. Bu proses davam etdirilir.

Təbii qazın çəkilişinin davam etdirilməsi meşələrin qırılmasının qarşsısını alacaq, insanların həyat şəraitini yaxşılaşdıracaq və şəhərə axının qarşısını alacaq.

Yardımlının uzun illər boyu üzləşdiyi digər bir problem susuzluq olub. Bu məsələ də cənab prezidentimizin Yardımlıya səfərindən sonra öz həllini tapmağa başlayıb. Ən ucqar dağlardan Yardımlı rayonunun susuz olan kəndlərinə, məsələn, Bürzünbül, Bilnə, Vərgədüz, Vərov, Yolacaq və başqalarına içməli su boru kəməri çəkilib. Bu gün planda Yardımlının bir neçə kəndində artezian quyuların qazılması var".

Millət vəkili rayonun elektrik enerjisi ilə etibarlı təchizatı istiqamətində də konkret addımların atıldığına diqqət çəkdi:

"Yardımlının digər bir problemi elektrik enerjisi ilə təmin olunmamaq və ya fasilələrlə təmin olunmaq idi. Bu məsələ də öz həllini tapır. Bu gün Yardımlıda elektrik enerjisi ilə təchiz olunmaq problemi yoxdur. Doğrudur, bir çox elektrik dirəkləri sovet dönəmindən qalmadır və ağac dirəklərdir. Bildiyiniz kimi, cənab prezidentimiz çıxışlarının birində “Azərişıq”ın rəhbərinə söylədi ki, rayonlarda elektrik dirəkləri sovet dönəmindən qalmadır və onları dəyişmək lazımdır. Yardımlıda bu gün elektrik dirəklərinin dəyişdirilməsi prosesi başlayıb. Kabelləşdirilmə prosesi gedir. Hesab edirəm ki, getdikcə bu problem də aradan qalxacaq.

Yardımlının coğrafi mövqeyi dalan olması ilə səciyyələnir. Bildiyiniz kimi, bu il İranla sərhəddə Deman sərhəd-keçid məntəqəsi tikiləcək. Sərhəd-keçid məntəqəsinin tikintisi Yardımlını dalan vəziyyətindən çıxaracaq. Yardmlıya turist axını artacaq. Gəlib-gedənlərin sayı çoxalacaq. Yardımlıya vəsaitlər daxil olacaq. Bu isə əhalinin həyat şəraitini yaxşılaşdıracaq. Sərhəd-keçid məntəqəsinin açılması özü ilə yeni bir inkişaf gətirəcək.

Bilirsiniz ki, cənab prezidentimizin sərəncamı ilə Yardımlıda idman kompleksi tikilir. Bu da gənclərin idmana olan marağını artıracaq. Dövlətimiz Yardımlıya bu vaxta qədər diqqət göstərib və bundan sonra da diqqət göstərəcək.

Yardımlıda bu işləri icra başçısı Ayaz müəllim Əsgərov böyük həvəslə yerinə yetirir. O, yüksək mədəniyyətə malik, sadə və təvazökar bir insandır. Daim adamların arasındadır. Onun qəbuluna düşmək çətin deyil. Həm kəndlərdə səyyar görüşləri olur, həm də qəbul günlərində vətəndaşları qəbul edərək onların qayğıları ilə maraqlanır.

Hesab edirəm ki, Yardımlıda özünəməşğulluq proqramını daha da genişləndirmək lazımdır. Bizim hamımız əl-ələ verib Yardımlının ümumi inkişafına çalışmalıyıq.

Yardımlıda müasir məktəblər tikilir. Həmin məktəblər ən müasir avadanlıqlarla təchiz edilib. Təbiidir ki, bəzi kəndlərdə modul tipli məktəblərin quraşdırılmasına ehtiyac var. Ötən il bir neçə kənddə belə məktəblər quraşdırıldı.

Hesab edirəm ki, Yardımlıda görülən işləri qiymətləndirmək lazımdır. Tənqid etmək çox asandır. Amma hər bir tənqid ümumi inkişafa, quruculuğa xidmət etməlidir. Düşünürəm ki, sərhəd-gömrük qapısı açılandan sonra Yardımlı dalan vəziyyətindən çıxacaqdır”.


Xəbərin mənbəyi: https://publika.az/news/sosial/305947.html