Nazirlik gizlinləri açan proqramı telefonlardan sildirdi

 10:32 21.11.2019     27

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müraciəti əsasında gizlilik qaydalarını pozan tətbiq “Quql Pley stor” (Google Play store) və “Əp stor”dan (App store) silinib.

Nazirlikdən Axar.az-a bildirilib ki, ETX “Ghosty” tətbiqi ilə bağlı Feysbuk komandasına birbaşa müraciət edib.

Naməlum tərtibatçı (developer) tərəfindən yaradılan bu tətbiq gizli İnstaqram hesablarını açmağa, istifadəçinin fərdi məlumatlarını görməyə və hesabdakı şəkilləri yükləməyə imkan verir. Tətbiq qeydiyyatdan keçərkən İnstaqram istifadəçisinin giriş məlumatlarını (loqin və parol) əldə edərək, həmin hesabdakı gizli profilləri müəyyən edir. Bu gizli profillərdən hər hansı birinə baxmaq istədikdə proqram fərqli bir sessiya açaraq, profilə baxmaq istəyən şəxsə gizli profili tamamilə açıq şəkildə göstərir. Dolayısı ilə bu tətbiqdən istifadə edərək loqin və parolunu təqdim edən şəxslər öz hesabındakı gizli profillərə baxılması üçün digər “Ghosty” istifadəçilərinə icazə verirlər. Tətbiqin populyarlığı artdıqca açılan gizli profillərin sayı da çoxalır. Xarici mənbələrin məlumatına görə, tətbiq istifadəyə verildiyi andan etibarən “Quql Pley stor” üzərindən 500 min dəfədən çox yüklənilib.

ETX-nin müraciətindən sonra Feysbuk komandası Quql ilə birlikdə araşdırma aparıb, nəticədə tətbiq “Quql Pley stor” və “Əp stor”dan silinib. Feysbuk rəhbərliyinin rəsmi məlumatına görə, İnstaqramla bağlı qanunsuz fəaliyyəti dərhal dayandırması üçün “Ghosty” tətbiqinin tərtibatçısına rəsmi xəbərdarlıq göndərilib. Hazırda bu şəxsin məsuliyyətə cəlb edilməsi üçün Feysbuk tərəfindən tədbirlər görülür və təhlükəsizlik tədbirləri gücləndirilir.


Xəbərin mənbəyi: https://axar.az/news/toplum/423225.html