Müflisləşən bank əmanəti vermir, krediti isə alır

 10:57 21.11.2019     31

Müflişləşmiş banklarla bağlı vətəndaşlarımızı narahat edən əsas məsələlərdən biri əmanət və kredit öhdəliklərinə fərqli yanaşmanın tətbiq olunmasıdır.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov məlumat paylaşıb. O bildirib ki, son aylar İqtisadi və Sosial İnkişaf Mərkəzinə edilən müraciətlər daha çox qorunmayan əmanətlərin kredit öhdəliklərinin əvəzlənə bilməsi ilə əlaqədardır:

“Məsələn, Biləsuvar rayonun sakini Azad Mahmudovun müflişlən bankların birində 10 522 dollar əmanəti, 13 800 manat isə kredit öhdəliyi olub. Hər iki öhdəlik eyni bankda olub. Kredit götürülən zaman əmanət məbləği nəzərə alınaraq borclanma rəsmilləşib. Bank müflis olub. Əmanət qorunmayan olduğundan geri qaytarılmır, əksinə, kreditə faizlər hesablanmaqda davam edir. Yəni, vətəndaş öz halal əmanətini ala bilmir, amma ondan kredit ödəmək tələb olunur. Maraqlıdır ki, bank və daha doğrusu, müflişləşmiş bank rəhbərliyi vətəndaşın əmanətini rahatca və əksər hallarda şəffaf olmayan şəkildə xərcləsə də, onu qaytarmağa məsul deyil. Amma vətəndaş öz vacib xərclərini ödəmək üçün kredit götürsə də, onu əmanəti ilə əvəzləşdirə bilmir.

Bu o deməkdir ki, vətəndaşın pulunu xəcləyən müflisləşmiş bank rəhbərliyinin heç bir məsuliyyəti yoxdur, amma vətəndaş kredit öhdəliyindən azad olunmur. Bu da birbaşa qanunvericilikdəki boşluq ilə bağlıdır”.

V.Bayramov bildirib ki, əgər vətəndaşın pulunu xərcləyən bank hər hansı öhdəlik daşımırsa, bu halda vətəndaş ona borclu olan banka niyə pul qaytarmalıdır? Halbuki qanunvericiliyin təkmilləşdirilməsi hər iki öhdəliyin müqayisə edilərək əvəzlənməsinə imkan verməlidir:

“Mövcud qanunvericilik müflis olan banklarda vətəndaşdan daha çox bank rəhbərlərinin maraqalarını müdafiə etdiyindən, onun dəyişdirilməsinə ehtyac var. Buna görə də biz təklif edirik ki, fiziki şəxslərin öhdəlikləri və eləcə də ona olan öhdəliklərin əvəzlənməsinə imkan yaradılsın. Belə ki, bank müflis olan zaman vətəndaşın bankda 17 877 min manat əmanəti olubsa və banka kredit borcu 13 800 manat olubsa, o zaman kredit xətti bağlanmalı və vətəndaşa 4087 manat ödəməyə imkan verən qanunverici dəyişiklik həyata keçirilməlidir. Eyni zamanda, bu əvəzləmələr banklar üzrə deyil, fiziki şəxslər üzrə aparılmalıdır. Belə ki, əgər vətəndaş bir müflis olan bankda əmanəti, digərində kredit öhdəliyi varsa, onların da əvəzlənməsinə imkan yaradılmalıdır. Bu baxımdan, müflis olan banklarda öhdəliyi olan vətəndaşlarımızın hüquqlarının tam qorunması üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir”.


Xəbərin mənbəyi: https://axar.az/news/iqtisadiyyat/423233.html