Yolu müharibədən, əsərləri ürəklərdən keçən Azərbaycan bəstəkarı

 11:03 22.11.2019     45

Lent.az doğum günü münasibəti ilə dahi bəstəkar Fikrət Əmirov haqqında yazını təqdim edir.

Dəyərlərimizə dəyər verməyi düşmənimizdən öyrənirik, təəssüf ki. Düşmən öz adına çıxanda anlayırıq ki, dəyərli imiş. Fikrət Əmirovun da əsərlərinə düşmən “bizimdir ” – deyəndən sonra dönüb bir də Fikrət Əmirov yaradıcılığına, həyatına, əsərlərinə diqqət saldıq və anladıq ki...

Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı. Azərbaycan SSR dövlət mükafatı laureatı.

Fikrət Əmirov 1922-ci ilin noyabrın 22-də Gəncədə Məşədi Cəmil Əmirov və Dürdanə xanımın ailəsində dünyaya gəlib. Fikrət ailənin ikinci övladı idi. Uşaqlığından atası tarzən Məşədi Cəmil Əmirovun musiqilərinə qulaq asırdı. Onun bəstəkar kimi formalaşmasında da yaşadığı mühitin, öz dövrünün sənətkarlarının təsiri olmamış deyil. Oxuduğu Maksim Qorki adına məktəbdə dostu Zərif Qayıbovla birlikdə orkestr təşkil etmişdilər. Orta məktəblə bərabər oxuduğu musiqi məktəbini də bitirib.

Bəstəkar sonralar öz xatirələrində yazırdı: “Məni bəstəkar edən Azərbaycan tarıdır. Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz edir .”

1928-ci ildə Məşədi Cəmil Əmirovun vəfatından sonra, evin yükü 6 yaşlı Fikrətin çiyinlərinə düşür. Dürdanə xanım 6 övladını tək böyütməli olur. Fikrət yaşadığı çətinliklərə baxmayaraq, atasının sənət yolunu davam etdirməyə çalışır. Fikrət ailədə ondan 1 yaş böyük olan bacısı Yaxşı xanımla çalışırdı. Yaxşı xanımın ifa etdiyi mahnıları Fikrət tarda müşayiət edirdi. Beləliklə, onlar məktəbdə və şəhər tədbirlərində ilk uğurlarını qazanmağa nail olurdular.

Bacı-qardaş Gəncədə Uşaq Yaradıcılığı olimpiadalarında iştirak edirdilər. Bu olimpiadalarda Yaxşı xanım Azərbaycan xalq mahnılarını oxuyur, Fikrət isə onu tarda müşayiət edirdi. İstedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyov Məşədi Cəmil Əmirovun övladlarının istedadının şahidi olub ki, sonradan bu fakt onların yoluna işıq salır.

Yaxşı Gəncədə olimpiadada birinci yeri tutur və Bakıdakı olimpiadada qardaşı ilə birincilər sırasına yazılır. Yaxşı xanımın xanəndəliyə çox böyük həvəsi olub. Lakin qardaşı Fikrət ona müğənni olmağı məsləhət görmədiyi üçün o, Tibb Universitetinə daxil olaraq həkim peşəsinə yiyələnir. Onlar Bakıya eyni zamanda gəlirlər. Fikrət konservatoriyaya daxil olur. Tələbəlik illərində də onlar tələbə kollektivlərində konsertlərdə çıxışlar edirlər.

Onun konservatoriyaya daxil olmasına isə anası istiqamət verib. Dürdanə xanım uşaqlarının ali məktəb seçimi üçün Bakıya gələndə Bülbüllə qarşılaşıb. Bülbül ona Fikrətin konservatoriyada oxumasını məsləhət görüb. Bəstəkar öz xatirələrində yazır: “Mənim yaradıcılığım daha çox Bülbüllə bağlıdır. İndiki kimi yadımdadır - 1938-ci ildə Bülbül anamı Bakıda görüb təkidlə tapşırmışdı ki, Fikrəti göndər gəlsin, musiqi məktəbinə".

Gənc Fikrət Bakıya Bülbülün yanına gəlir və Bülbül onu Üzeyir Hacıbəyovun yanına aparır. Üzeyir bəy Fikrəti mehribanlıqla qarşılayaraq ona konservatoriyaya daxil olmasını məsləhət görür. Beləliklə, Əmirovun Üzeyir Hacıbəyov və Bülbülün himayəsi ilə tələbəlik illəri başlayır.

Fikrət Əmirov Bakıya gəldiyi ilk illər bacısı Yaxşı xanım ilə qohumlarının evində yaşayır. Sonra skripkaçı dostu ilə Dmitrov küçəsində bir evdə qalır. Dostu hərbi xidmətə çağırıldıqdan sonra bu evdə tək yaşamağa başlayır. Həmin illəri bəstəkarın bacısı Şəfiqə xanım bu cür xatırlayır: “Fikrətin yaşadığı evə gələndə dəhşətə gəldim. Onun ev şəraiti olduqca ağır idi. Boş, soyuq otaqda sadə taxta masa, iki stul və dəmir çarpayı vardı. Yağış yağanda evə damırdı və o, hər dəfə çarpayısının yerini dəyişdirməyə məcbur olurdu. Bütün bu çətinliklərə baxmayaraq, Fikrət böyük həvəslə oxuyur və yazıb-yaradırdı.”

O, Üzeyir Hacıbəyovun sinfində “Azərbaycan xalq musiqisinin əsasları” fənnini öyrənir və bu üslubda ilk əsərlərini yazmağa başlayır. 1930-cu ildən Üzeyir Hacıbəyovun məsləhəti və Bülbülün rəhbərliyi ilə xalq mahnı və rəqslərini toplayıb, onları nota yazmaq məqsədi ilə konservatoriyada “Xalq musiqisi kabineti” təşkil olunur. Həmin kabinetə rəhbərlik edən Bülbül gənc bəstəkar və musiqişünasları bu işə cəlb edir. Onlar respublikanın müxtəlif bölgələrinə ekspedisiyalara gedərək, folklor nümunələri toplayır, onları lentə yazır, kabinetə təqdim edir və həmin nümunələri nota köçürürdülər. Dövrünün ustad xanəndələrini - Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski və başqalarının da oxuduqları xalq mahnı və təsniflərini nota salırdılar. Bu işdə Asəf Zeynallı, Zakir Bağırov, Qara Qarayev, Süleyman Ələsgərov, Səid Rüstəmov, Əşrəf Abbasov, Midhət Əhmədov, Məmmədsaleh İsmayılov kimi simalarla yanaşı, Fikrət Əmirovun böyük xidmətləri olub. O, hələ tələbə ikən bu işə cəlb olunduğundan daha da həvəslənir və öz əsərlərini də məhz xalq musiqisi üslubunda yazırdı.

1940-cı ildə Bakının musiqi mühiti zəngin idi. Azərbaycan Dövlət Filarmoniyasında tez-tez musiqili gecələr və konsertlər keçirilirdi. Fikrət Əmirov həmin konsertlərdə iştirak edərək, qərb və rus bəstəkarlarının əsərləri ilə əyani olaraq daha yaxından tanış olur və onların musiqi dilindən istifadə edirdi. O, simfonik orkestrin məşqlərində də iştirak edirdi.

Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı isə Üzeyir Hacıbəyli idi.

Yaradıcılığının gənc illəri müharibə vaxtına düşüb. 1941-ci il noyabrın 27-də 19 yaşlı Fikrət Əmirov orduya çağırılır. O, rabitəçi kursunda təhsil almaq üçün 3 ay müddətinə Tbilisiyə göndərilir. Kursu başa vurduqdan sonra 1942-ci il iyunun 3-də Voronej cəbhəsinə göndərilir. O vaxt bəstəkar anasına yazdığı məktubda bildirir: “Sevimli anam və bacılarım! Mən sağ və salamatam. Mənim cəbhə yolum çox uzun oldu. Rostov vilayətini keçmişəm. Bu məktubu sizə Voronej vilayətinin Liski şəhərindən yazıram. Don çayını da keçmişik. Moskvaya yaxınlaşırıq. Hər tərəf qardır. Hələlik ki, heç bir maraqlı hadisə baş verməyib. Məndən Musaya, Adilə xalaya və bütün dost və tanışlara salam yetirin. Öpürəm səni. Fikrət.”

Fikrət Əmirovun cəbhə illəri onun həyat və yaradıcılığının əsas dövrü olub. O, bacısı Yaxşı xanıma yazdığı məktubda qeyd edir: “Brjanska, Voronej cəbhəsinə gəldikdən sonra hissə rabitəçisi vəzifəsinə başladım. Qış günlərinin birində bizə məsul tapşırıq verildi. Cəbhə komandanlığı ilə əlaqə yaratmaq tapşırığı. Keçmiş yuxarı kurs yoldaşlarımla birlikdə hissə komandanlığının bizə həvalə etdiyi tapşırığı yerinə yetirməyə yollandıq. Gecə qaranlığında ön xəttə yaxınlaşarkən təmiz alman danışığı eşitdik. Xoşbəxtlikdən qarşımızda daş-qaya vardı. Biz onun arxasında düşməndən gizlənmişdik. Bir qədər sonra keçmiş dostlarımdan biri faşistlərin olduğu yeri təyin etmək istədi. Başını daş-qayadan çıxarar-çıxarmaz qəflətən avtomat atəşləri səsləndi və mənim dostum yerə sərildi, güllə onun başını yaralamışdı. Açıq havada soyuq qış günündə qaldığımızdan çox donmuşduq və yaralı yoldaşımızı çıxara bilmirdik. Dostumuzun başını sarıdıqdan sonra səhərədək orada qaldıq. Şaxtalı havada, açıq yerdə qaldığımız müddətdə bizim ayaqlarımız tamamilə donmuşdu. Hava işıqlaşanda hissə əsgərləri bizi tapıb, döyüş bölgəsindən çıxardılar və Bryansk şəhərinin hərbi hospitalına müalicəyə göndərdilər.”

Bəzi mənbələrdən məlum olur ki, həmin dövrlərdə, yəni hospitalda olarkən Fikrət Əmirov özü də ağır mədə yarasından xeyli əziyyət çəkib, əməliyyat olunub. Sağaldıqdan sonra orada bir neçə musiqiçidən ibarət ansambl təşkil edir. Özü həm ansambla rəhbərlik edir, həm də rus xalq çalğı aləti olan mandolinada ifa etməyi öyrənir. Həmin ansamblın repertuarına Azərbaycan xalq mahnı və rəqslərini də daxil edən gənc musiqiçinin bu xidmətləri çox bəyənilir. Çünki o, bu ansamblla hospitalda tez-tez konsertlər təşkil edir.

Müharibənin ağır günlərini yaşayan Fikrət Əmirov 1942-ci il noyabr ayında xəstəliyi ilə əlaqədar olaraq ordudan tərxis olunur.

Gəncəyə gəlir və təxminən bir ilə qədər burada qalır, yaradıcılıq fəaliyyətinə davam edir. Gəncə Dövlət Filarmoniyasında çalışır, musiqi məktəbinə rəhbərlik edir və Dram Teatrında baş rejissor olan Mehdi Məmmədovla birgə işləyərək, bir neçə tamaşaya musiqi yazır. Yarımçıq qalmış təhsili və yaradıcılıq eşqi onu 1943-cü ildə yenidən Bakıya qayıtmağa vadar edir. O, həm Konservatoriyada təhsilini davam etdirir, həm də yeni yaradıcılıq ideyalarını həyata keçirmək uğrunda çalışır.

Bəstəkarın 1943-cü ildə yazdığı “Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə” adlı simfonik poeması həm onun cəbhə təəssüratlarını, həm də mübarizliyini özündə əks etdirir. Fikrət Əmirov bu əsəri yaxın dostlarından biri, müharibədə həlak olmuş Məmməd İsrafilzadəyə həsr edib.

1944-cu ildə Bakıda Musiqili Komediya Teatrı açılarkən tamaşaya qoyulan ilk əsərlərdən biri məhz Fikrət Əmirovun “Ürəkaçanlar” operettası olub. Bundan başqa, bəstəkar həmin illərdə “Gözün aydın” operettasını da yazır. Daha bir neçə tamaşaya musiqi bəstələyib. Cəfər Cabbarlının “1905-ci ildə”, Səməd Vurğunun “Xanlar”, “Vaqif”, Hüseyn Cavidin “Şeyx Sənan”, Mehdi Hüseynin “Cavanşir”, İmran Qasımovun “Xəzər üzərində şəfəq” və s. pyeslər musiqi bəstələnən əsərlər sırasındadır. Bu əsərlərdə Fikrət Əmirov musiqini səsləndirmir, həmçinin onun bədii məzmununu daha da qüvvətləndirirdi.

1944-cü ildə respublikada Cəlil Məmmədquluzadənin adını daşıyan yeni Musiqili Komediya Teatrının açılışı oldu. Yeni yaradılmış teatra yeni milli repertuar lazım idi. Bu əsər Fikrət Əmirovun bəstələdiyi “Ürəkaçanlar” operettası oldu. Gənc bəstəkarın bu komediyası teatrın ilk mövsümünün açılışında tamaşaya qoyuldu.

1945-ci ildə Fikrət Əmirov skripka və piano üçün “İkili konsert” və Zülfüqar Hacıbəyovla birgə piano ilə Xalq Çalğı Alətləri orkestri üçün “Cəngi” əsərini yazır ki, bu əsərlərdə Azərbaycan musiqi tarixində özünəməxsus yer tutur.

Sonra bəstəkarın ikinci musiqili komediyası olan - “Gözün aydın” 1946-cı ildə tamaşaya qoyuldu və 1957-ci ildə ikinci dəfə redaktə etdirildi.

1947-ci ildə Fikrət Əmirov Nizami Gəncəvinin sözlərinə Azərbaycan bəstəkarlarının yazdıqları vokal əsərləri toplayaraq, onları məcmuə şəklində öz redaktorluğu ilə nəşr etdirib. Həmin ildə Fikrət Əmirov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olub.

Nizami irsi Fikrət Əmirovun yaradıcılığında xüsusi yer tutur. “Nizami” simfoniyası 1947-ci ildə yazılıb və əsər Nizaminin 800 illik yubileyinin keçirildiyi Moskvanın P.İ.Çaykovski adına salonunda ilk dəfə olaraq dirijor N.P.Anasovun idarəsi ilə səslənib. Əmirov “Nizami” simfoniyası ilə paytaxt Moskvada ilk yaradıcılıq qələbəsinə nail olur. Bəstəkarın bu uğuru mətbuat səhifələrində də işıqlandırılır. Musiqişünas V.M.Qaradinski “Sovetskaya iskustva” qəzetində yazırdı: “F.Əmirovun yaratdığı simfoniya son illərdə bu janrda bəstələnən əsərlər içərisində ən incilərindən sayıla bilər. Böyük Azərbaycan şairinin uzaqdan belə nur saçan gözəl simasını F.Əmirov simfoniyasında cəmləşən saf səslər, əsas partiyanın gözəl melodiyası bizə yaxınlaşdırır.

Bəstəkar yaradıcılığının ilkin dövrlərində, 1948-ci ildə opera janrına müraciət edib. Konservatoriyanı bitirərkən diplom işi olaraq birpərdəli “Ulduz” operasını yazır. Bu opera yalnız əlyazma şəklində saxlanılaraq, nəşr edilib.

Fikrət Əmirov 1948-ci ildə “Şur” simfonik muğamını yaradır. Simfonik muğam ilk dəfə maestro Niyazinin idarəsi ilə həmin ilin avqust ayında Azərbaycan Dövlət Filarmoniyasında səsləndi və sonralar dünyanın müxtəlif ölkələrinin konsert salonlarında ifa olunur. Ən məşhur dirijor və musiqişünaslar bu əsəri çox yüksək qiymətləndirirlər. Bu mənada xarici ölkə musiqiçilərindən professor Fişer, Ostinqo və başqalarının Əmirovun simfonik muğamları və xüsusən də “Şur” haqqında müsbət fikirləri var. Onlar bu əsərləri “Şərq simfonizmi”-nin inkişafında yeni addım kimi dəyərləndirirlər.

Fikrət Əmirovun digər “Kürd-Ovşarı“ simfonik muğamı da 1948-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında maestro Niyazinin idarəsi ilə səslənib. “Şur“ və “Kürd-ovşarı“ simfonik muğamlarına görə bəstəkar 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə SSRİ dövlət mükafatına layiq görülüb.

Fikrət Əmirov 1948-ci ildə Asəf Zeynallının xatirəsinə həsr olunmuş “Elegiya” əsərini bəstələyir.

Üzeyir Hacıbəylinin sənət irsini yüksək dəyərləndirən Fikrət Əmirov müəlliminin vəfatından təsirlənərək “Üzeyir Hacıbəyova ithaf poema” əsərini bəstələyir. Bu əsər skripka və violonçellərin unisonu və iki fortepiano üçün nəzərdə tutulmuşdu. Əsər ilk dəfə 1949-cu ildə bəstəkarın vəfatının ildönümü günündə ifa edilib.

Fikrət Əmirov 1950-ci ildə “Azərbaycan süitası” əsərini yazır. Dörd hissədən ibarət olan suitada müxtəlif lövhələr növbələşir. Birinci hissə “Gənclik, gözəllik”, ikinci hissə “Çoban-bayatı”, üçüncü hissə “Kəndimizdə”, dördüncü hissə “Nəğməmsən, Bakı” adlanır.

1953-cü ildə Fikrət Əmirov “Sevil” operasını yazdı. Opera müasir mövzuda lirik-psixoloji janrda yazılmış ilk Azərbaycan operası olmaqla yanaşı, respublikada opera sənətinin inkişafında mühüm mərhələ olub.

Bir sözlə, Azərbaycan bəstəkarı Fikrət Əmirovun musiqi tariximizdəki xidmətləri çox böyükdür.

Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.


Xəbərin mənbəyi: https://lent.az/news/332068