"Qələbəyə görə mükafat olacaq" - "Sumqayıt"ın prezidenti

 23:31 22.11.2019     38

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra  jurnalistlərin suallarını cavablandırıb.

- Qələbəni bütün Sumqayıt sakinlərinə həsr edirik. Sumqayıtın  yaranmasının 70 illiyidir. Bu qələbə də bizdən şəhərimizə hədiyyə olsun. Gördüyünüz kimi, çox maraqlı oyun oldu. Birinci hissədə zəif oynadıq, istədiyimizi edə bilmədik. İkinci yarıda isə Ayxan müəllim komandanı toparlaya bildi və daha aqressiv, qələbə istəyən hücuma meyilli "Sumqayıt" gördük.  İstəyimizə də nail olduq. İkinci hissəni daha yaxşı keçirdik.

- Bu qələbəyə görə xüsusi mükafat olacaqmı?

- Əlbəttə, mükafat olacaq. Amma məbləği bir az sonra özümüz danışacağıq.

- Məbləğ çox olacaq?

- Bu, klubun sirridir.

 Ümumiyyətlə, qələbə haqda düşünürdünüzmü?

- Əlbəttə. Biz hər görüşə qələbə üçün çıxırıq.

- Ötən turda "Sabah" üzərində əzmkar qələbə qazandınız. Bu gün isə "Qarabağ"a qalib gəldiniz. "Sumqayıt" bir neçə turdur ki, yüksəlişdədir. Gələcəkdə bu tempi qoruyub, saxlamaq mümkün olacaq?

- Gəlin, gələcəyə baxmayaq. Əsas odur ki, bu gün komanda yaxşı oynayır. Udmuşuq, sevinirik. Gələcəkdə nə olacaq, Allah bilir.

- Qış fasiləsi yaxınlaşır. Hazırlığı hansı ölkədə keçirəcəksiniz?

- 99 faiz bu ölkə Türkiyə olacaq. Komanda artıq neçə mövsümdür ki, Türkiyəyə gedir. Bu il də çox güman ki, oraya gedəcəyik.

- Bəs, qışda transferlər olacaq?

- Ona hələ baxacağıq. Komanda yaxşı təsir bağışlayır. Əgər transfer etməli olsaq, maksimum 1 oyunçu ala bilərik. Bu günkü kollektiv bizi tam qane edir. Sadəcə olaraq oyunumuzu  daha da yaxşılaşdırmaq lazımdır. Ondan sonra nəticələrimiz daha yaxşı ola bilər.

- Milli komandanın son nəticələri təbii ki, hamımızı üzdü. Bu uğursuzluğun  səbəblərdən biri də yerli futbolçularımızın xaricdə legioner həyatı yaşamaması ola bilər? Bu istiqamətdə nə çatışmır? Menecerlər zəifdir?

- Bu, tam başqa mövzudur. Bu günkü oyunla heç bir əlaqəsi yoxdur. "Qarabağ" kimi komandanı udmuşuq, sevinirik. Amma indi siz başqa mövzudan sual verirsiniz.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/sport/804545.html