Mehriban xanım daha cəsarətli siyasət üçün... – Millət vəkili

 23:51 22.11.2019     66

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Moskvaya səfərini və görüşlərini çox yüksək qiymətləndirirəm.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində deyib. O bildirib ki, Rusiya bizim üçün strateji əhəmiyyət kəsb edən ölkədir:

“Biz Qarabağın azadlığı üçün ən azı Rusiyanın tərəfsizliyini təmin etməliyik. Bunun yolu Rusiya ilə səmimi və açıq dialoqdan keçir. Biz Rusiya ilə münasibətləri qurarkən həm də onu nəzərə almalıyıq ki, orada iki milyondan çox azərbaycanlı yaşayır və onların Azərbaycana, yaxınlarına göndərdiyi vəsait əhalinin böyük bir hissəsinin sosial vəziyyətinin pisləşməməsində əhəmiyyətli rol oynayır. Mən həmişə söyləmişəm ki, Qarabağın azadlığı üçün müharibə variantı riskli olduğundan və böyük dağıntılara səbəb ola biləcəyindən biz problemin sülh yolu ilə həllinə nail olmaq istəyiriksə, Rusiya ilə anlaşmalıyıq”.

Millət vəkili bildirib ki, Qarabağın azadlığı naminə biz Ermənistana deyil, Rusiyaya güzəştə gedib, suverenliyimizə ziyan vurmadan onun Cənubi Qafqazda maraqlarını təmin edə, Rusiyaya Ermənistandan daha yaxın olmaq üçün Rusiya - Belarus İttifaqına, KTMT-yə daxil ola bilərik:

“Nəzərə almalıyıq ki, dövlətlərin əbədi müttəfiqləri yox, əbədi maraqları olur. Ermənistan istəsə də Rusiyanın orbitindən kənara çıxa bilməz. Ümid edirəm, Mehriban xanım intellekti və beynəlxalq nüfuzu ilə xarici siyasətdə daha cəsarətli və çevik siyasət yürütmək üçün Prezidentə lazımı dəstəyi verməkdədir.

Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər Rusiya yanlış olaraq münaqişənin saxlanması siyasətindən imtina etməzsə, iqtidar bu barədə xalqımızla açıq danışmalı, torpaqlarımızın azalığı üçün Böyük Vətən müharibəsinə başlamalıdır. Əks halda, indiki siyasətin davam etdirilməsi Qarabağın həmişəlik itirilməsinə gətirib çıxaracaq”.


Xəbərin mənbəyi: https://axar.az/news/gundem/423721.html