Bakı Avrasiya Universitetində “ZƏFƏRƏ APARAN YOL” mövzusunda konfrans keçirildi

 17:56 26.10.2022     577

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İpək yolu – qloballaşmaya dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Zəfər gündəliyi” adlı layihə çərçivəsində “Zədərə aparan yol” adlı konfrans keçirilib.

Redaktor.az xəbər verir ki, Bakı Avrasiya Universitetində təşkil edilən konfransda Universitet rəhbərliyinin nümayəndələri, Tədris Departamentinin rəhbəri professor Mənsim Məmmədov, fakültə dekanı Mütəllim Rəhimov, professor müəllim heyəti və tələbələr iştirak edib. Konfransda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Layihə çərçivəsində hazırlanmış video-çarx nümayiş etdirilib. Daha sonra iştirakçıları salamlayan layihənin eksperti, dosent Ədalət Əsədov “Zəfər gündəliyi” layihəsinin mahiyyəti haqqında iştirakçılara məlumat verib. Konfrans iştirtakçılarını salamlayan prof. Mənsim Məmmədov “İpək yolu – qloballaşmaya dəstək” İctimai Birliyinə konfransın təşkilinə görə minnətdarlığını bildirib, gənclərə Zəfərin mahiyyəti, Zəfərə aparan yol, müzəffər Ali Baş Komandanın həyata keçirdiyi siyasət, ordumuzun şücaəti haqqında ətraflı məlumat verdi. Layihə çərçivəsində hazırlanmış kitabı nümayiş etdirən professor kitabda Vətən müharibəsinin hər gününün ayrılıqda təsvir edilməsini, hər gün əldə edilən irəliləyişlər, azad edilən torpaqlar haqqında məlumat verilməsini xüsusi qeyd etdi. Bildirdi ki, hər bir gəncin bu kitabda verilmiş məlumatları bilməsi və yaddaşına həkk etməsi vacibdir.

“Regionaşünaslıq və iqtisadiyyat” fakültəsinin dekanı, dosent Mütəllim Rəhimli layihənin əhəmiyyəti, Vətən müharibəsi ilə bağlı məlumatların davamlı şəkildə təbliğ olunması zəruriliyi barədə danışdı. Belə bir layihəyə dəstək göstərdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərə aparan yolun hər bir uğurunun cəmiyyətdə təbliğ olunması, əldə edilən qalibiyyət ilə bağlı gənclərin bir daha məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın 44 gün ərzində əldə etdiyi qalibiyyəti dünyanın aparıcı dövlətləri araşdırır, indiyədək tarixdə çox müharibər olsa da, 30 il işğal altında olan ərazilərin 44 gün ərzində azad edilməsi praktikasına rast gəlinməyib. Bunu Azərbaycan əsgəri, Azərbaycan ordusu etdi. Bizlər də bu barədə bilməli və daimi belə informasiyaları bölüşməliyilik. Dünya bilsin ki, Azərbaycan xalqı, Azərbaycan ordusu bir qarış torpağını da güzəştə gedən deyil və qarşısına qoyduğu məqsədə çatmağa qadirdir.

Daha sonra çıxış edən layihə rəhbəri, dosent Aqil Əsədov, layihənin icrtasına görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, konfransın təşkilinə göstərilən dəstəyə görə isə Bakı Avrasiya Universitetinin rəhbərliyinə minnətdarlıq edərək, layihə çərçivəsində görülən işlər haqqında məlumat verdi. Qeyd etdi ki, layihənin başlıca məqsədi ordumuzun şücaətinin, vətəndaş-dövlət birliyinin, Xalq-Prezident birliyinin Zəfərə aparan başlıca səbəblər olduğunun cəmiyyətə, xüsusilə gənc nəsilə aşılanmasıdır.

Müzəffər Ali Baş Komandanın qətiyyəti, müqəddəs şəhidlərimizin canı və qazilərimizin qanı hesabına əldə edilən Zəfər, yalnız bizi işğal altında olan torpaqlarımıza qovuşdurmadı, həm də xalqımızın sınmış qürurunu bərpa etdi, Azərbaycanı dünyaya öz ərazi bütövlüyün təmin etməyə qadir qalib ölkə kimi təqdim etdi.

A.Əsədov bildirdi ki, 44 günlük müharibə zamanı ən kiçik kəndimizin belə azad edilməsi, Ali Baş Komandanın bu istiqamətdə bir cümləlik Tviti xalqımız tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanırdı. İnsanlar dövlətimizin, ordumuzun yanında olmaqla qürur duyur, Zəfər üçün əllərindən gələni edirdilər. Əldə edilən tarixi Zəfərin zəruri şərtlərindən biri də təbii ki, xalq-dövlət birliyi, harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarının birliyi idi. Bu gün də davam edən birliyin daha da möhkəmlənməsi, Zəfər sevincinin daimi olması, ordumuzun qəhrəmanlıq səlnamalərinin unudulmaması naminə Zəfərə gedən yolun təbliği xüsusilə vacibdir.

Bu gün keçirilən tədbir də, məhz qeyd edilən zərurətdən irəli gəlmişdir. Layihə çərçivəsində hazırlanmış kitabda dövlət başçısının sosial şəbəkə paylaşımları, müharibənin hər gününün öz tarixi verilmişdir. Ümid edirik ki, kitablar və bukletlər o tarixi anlar barədə konfrans iştirakçılarına daha geniş məlumatlar verərək Vətən müharibəsi ilə bağlı yaddaşları yeniləməyə və möhkəmlətməyə kömək edəcəkdir.

Sonda konfrans qarşılıqlı müzakirələrlə davam etdi.