Azərbaycan Universitetində “Görkəmli Qərbi Azərbaycanlılar” adlı təqdimat mərasimi keçirilib

 17:07 23.10.2023     500

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İpək yolu – qloballaşmaya dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Görkəmli Qərbi Azərbaycanlılar: Elm, Təhsil və Mədəniyyət Məbədi - İrəvan” adlı layihə çərçivəsində “Görkəmli Qərbi Azərbaycanlılar” adlı tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbir 23.10.2023-cü il tarixində Azərbaycan Universitetinin ev sahibliyi, Azərbaycan Universitetin Siyasi elmlər kafedrası və “İpək yolu – qloballaşmaya dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə “Görkəmli Qərbi Azərbaycanlılar: Elm, Təhsil və Mədəniyyət Məbədi - İrəvan” adlı layihə çərçivəsində hazırlanmış eyni adlı video-çarx nümayiş etdirilib, veb sayt və kitab təqdim olunub.

Universitetin professor-müəllim heyətinin, ictimaiyyət nümayəndələrinin, bakalavr və magistrantların iştirak etdiyi tədbir Şəhidlərin müqəddəs xatirəsinin yad edilməsi ilə başlayıb. “İpək yolu – qloballaşmaya dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri dosent Ədalət Əsədov layihənin mahiyyəti haqqında ətraflı məlumat verib və layihənin reallaşmasında dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkilində dəstək göstərdiyi üçün Azərbaycan Universitetinin rəhbərliyinə minnətdarlıq edərək, layihə çərçivəsində görülən işlər haqqında məlumat verib. O qeyd edib ki, layihənin başlıca məqsədi Qərbi Azərbaycanın tarixi həqiqətlərini ictimaiyyətə çatdırmaq və görkəmli şəxsiyyətlərini dünyaya tanıtmaqdır. Daha sonra Azərbaycan Universitetinin “Siyasi elmlər kafedrası”nın müdiri, dosent Elvin Talışınski və digərləri çıxış edərək, layihənin əhəmiyyətindən, Qərbi Azərbaycanlıların tarixən doğma torpaqlarından didərgin salınmasından bəhs edib. Layihə çərçivəsində hazırlanmış Qərbi Azərbaycanın tarixi həqiqətlərindən bəhs edən video-çarx nümayiş etdirilib.

Daha sonra iştirakçıları salamlayan layihənin eksperti Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərini tanıtmaq məqsədiylə, layihə çərçivəsində  yaradılan www.westaz.az veb saytının təqdimatını həyata keçirib.

Tərbirin sonunda layihə çərçivəsində hazırlanan “Görkəmli Qərbi Azərbaycanlılar: Elm, Təhsil və Mədəniyyət Məbədi - İrəvan” adlı kitab iştirakçılara paylanıb.