“ZƏFƏR GÜNDƏLİYİ” layihəsinə start verildi

 16:59 27.09.2022     567

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İpək yolu – qloballaşmaya dəstək” İctimai Birliyi tərəfindən “Zəfər gündəliyi” adlı layihənin icrasına başlanılıb.   

Redaktor.az xəbər verir ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərə aparan yolun hər bir uğurunun cəmiyyətdə təbliğ olunması, əldə edilən qalibiyyət ilə bağlı gənclərin bir daha məlumatlandırılmasıdır. Ordumuzun şücaətinin, vətəndaş-dövlət birliyinin, Xalq-Prezident birliyinin Zəfərə aparan başlıca səbəblər olduğunun cəmiyyətə, xüsusilə gənc nəsilə aşılanmasıdır.

Müzəffər Ali Baş Komandanın qətiyyəti, müqəddəs şəhidlərimizin canı və qazilərimizin qanı hesabına əldə edilən Zəfər, yalnız bizi işğal altında olan torpaqlarımıza qovuşdurmadı, həm də xalqımızın sınmış qürurunu bərpa etdi, Azərbaycanı dünyaya öz ərazi bütövlüyün təmin etməyə qadir qalib ölkə kimi tanıtdı. 44 günlük müharibə zamanı ən kiçik kəndimizin belə azad edilməsi, Ali Baş Komandanın bu istiqamətdə bir cümləlik Tviti xalqımız tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanırdı. İnsanlar dövlətimizin, ordumuzun yanında olmaqla qürur duyur, Zəfər üçün əllərindən gələni edirdilər. Əldə edilən tarixi Zəfərin zəruri şərtlərindən biri də təbii ki, xalq-dövlət birliyi, harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarının birliyi idi. Bu gün də davam edən birliyin daha da möhkəmlənməsi, Zəfər sevincinin daimi olması, ordumuzun qəhrəmanlıq səlnamalərinin unudulmaması naminə Zəfərə gedən yolun təbliği xüsusilə vacibdir. Bu gün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları şanlı Azərbaycan ordusunun işğalçıya verdiyi layiqli cavabları öyrənir, ordumuzun döyüş taktikasını tədqiq edirlər. Belə bir şəraitdə Zəfərə gedən yolun addım-addım təbliği, xüsusilə gənclərdə Zəfər sevinci hissinin daha möhkəmləndirilməsi olduqca vacibdir.  

Layihənin həyata keçirilməsi zamanı Zəfərə aparan yolda addım-addım əldə edilən uğurların bir ardıcıllığının hazırlanması nəzərdə tutulur. 44 gün ərzində əldə edilən qalibiyyət, bu qalibiyyətlə bağlı cənab Ali Baş Komandanın sosial şəbəkə üzərindən paylaşımları, xüsusilə 30 ilə yaxın işğal altında olan rayonlarımızın azad edilməsi tarixləri söz ilə və vizual şəkildə (bukletlərin çapı) cəmiyyətə təqdim ediləcək. Təbii ki, paralel olaraq azad edilmiş ərazilərdə düşmənin törətdiyi vəhşiliklər, vandalizm “nümunələri” də layihə zamanı diqqət mərkəzində olacaq. Müvafiq alimlərin və ekspertlərin cəlb edilməsi ilə müxtəlif ali təhsil ocaqlarında tələbələrə “Zəfər gündəliyi” adlı dərslər keçiləcək.  

Tarixi təcrübə göstərir ki, hər zaman mehriban qonşuluq münasibəti sərgilədiyimiz mənfur ermənilər tərəfindən 1905, 1918 və digər illərdə xalqımızın başına gətirilən vəhşiliklər yetərincə təbliğ olunmayıb. Hətta keçmiş SSRİ dövründə belə faktlar, bu faktların yer aldığı əsərlər belə xalqımızdan məqsədli şəkildə gizlədilib.

Həm də bu baxımdan, müvafiq təbliğat işlərinin aparılması, kitab, buklet və s. maarifləndirici əyani vəsaitlərin vasitəsilə hadisələrin cəmiyyətdə təbliği xüsusi əhəmiyyət kəsb edir. Bu, həm də lazımi informasiyaların “gizlənməsinin” qarşısını alır, vətəndaşlarımızın yaşadığı qürur və qələbə hisslərinin daimiliyinə yardımçı olur. Layihənin həyata keçirildiyi müddətdə Zəfər yolu addım-addım yada salınacaq, ərazilərimizin işğaldan əvvəlki və sonrakı vəziyyəti müqayisəli şəkildə təsvir ediləcək, “Zəfər gündəliyi” adlı kitab hazırlanacaq. Layihənin sonunda kitab çap olunaraq, eləcə də eyniadlı videoçarx hazırlanaraq ictimaiyyətə təqdim olunacaqdır.