Azərbaycana rəsmi səfərlərin intensivləşməsi nədən xəbər verir? - Politoloqdan AÇIQLAMA

 17:19 24.05.2024     2827

Son iki ayda Azərbaycana səfər edən dövlət başçılarının, digər rəsmi şəxslərin sayı artıb.

Bu arada Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesson, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud, Slovakiya Respublikasının Baş naziri Robert Fitso, Bolqarıstan Prezidenti Rumen Radevin, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Belarus Prezidenti Aleksandr Lukaşenko və son olaraq Tacikistan Prezidenti Emoməli Rəhmon ölkəmizdə səfərdə olublar.

Bəs bu cür səfərlərin intensivləşməsi nədən xəbər verir? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Cümşüd Nuriyev söylədi ki, bu görüşlərin intensivləşməsinin səbəbi 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatından sonra Azərbaycanın bir dövlət kimi siyasi imici formalaşması və dünyada ciddi dövlət kimi qəbul olunmağa başlanmasıdır:

"Birincisi, bu məqsədlə Azərbaycan təcrübəsini öyrənmək istəyən də var, Azərbaycan hakimiyyətinin necə idarə olunması ilə maraqlanan ölkələr də var. İkincisi, bu ölkələrin əksəriyyəti özlərinin iqtisadi maraqlarının təmin olunmasını istəyirlər. Çünki Qarabağda böyük bir inşaat meydançası var və Azərbaycan bura kifayət qədər sərmayə qoyur. Bu da həmin dövlətlərin maraqlarına uyğundur. Azərbaycanın da maraqlarına uyğundur ki, Azərbaycan Qarabağı çox sürətlə bərpa etmək istəyir ki, bizim soydaşlarımız məskunlaşsınlar. Bundan başqa, Azərbaycana turist kimi gələnlərin də sayı çoxalıb. Amma dövlət rəsmilərinin ardıcıl olaraq gəlməsi qarşılıqlı maraqlar əsasındadır. Yəni iqtisadi maraqlar var, siyasi maraqlar var, hərbi maraqlar, ideoloji maraqlar var".

Politoloq vurğuladı ki, Tacikistan Prezidentinin ölkəmizə səfəri Azərbaycanın Orta Asiyada sürətlə gücünün artması ilə bağlıdır:

"Çünki bütün hallarda qalan dörd respublika türk respublikasıdır və onlar Türk Dövlətləri Təşkilatında təmsil olunur. Tacikistan Orta Asiyanın ən kasıb dövlətidir və farsdilli dövlətdir, uzun müddət də müharibələr görüb. Nəzərə alaq ki, Tacikistan Prezidenti ilə Azərbaycan Prezidentinin şəxsi münasibətləri var və bu münasibətlər kifayət qədər yüksək səviyyədədir. Təbii ki, bu səfərlə bağlı qarşılıqlı maraqlar da var", - deyə Cümşüd Nuriyev bildirdi.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

2