Qərbi Azərbaycanın adət-ənənələrinə həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO
Azərbaycan Universitetinin professor-müəllim və tələbə heyəti üçün “Qərbi Azərbaycanın unudulmuş milli adət-ənənələrinin bədii-estetik mahiyyəti” adlı kitabın təqdimatı keçirilib.
Redaktor.az xəbər verir ki, kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Davamlı İnkişaf Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli adət və ənənələrin bədii-estetik mahiyyəti” adlı layihə çərçivəsində hazırlanıb.
Tədbirdə Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski, Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi, “Davamlı İnkişaf Uğrunda” İctimai Birliyinin icraçı direktoru və layihə rəhbəri Nigar Xudiyeva layihənin əhəmiyyəti haqqında məlumat veriblər. Birliyin üzvü Zaur Əsədzadə, kitabın müəllifləri Eltac Cəbiyev və Rəvan Cəfərli isə tədbir iştirakçılarını kitabın məzmunu ilə tanış ediblər.
Çıxışlarda qeyd olunub ki, kitabın hazırlanmasında başlıca məqsəd Qərbi Azərbaycanın unudulmuş və unudulmaqda olan adət-ənənələri haqqında cəmiyyəti maarifləndirməkdir.
Tədbirin sonunda iştirakçılara “Qərbi Azərbaycanın unudulmuş milli adət-ənənələrinin bədii-estetik mahiyyəti” adlı kitablar paylanılıb və 50 nüsxə də Azərbaycan Universitetinin kitabxana fonduna hədiyyə olunub.