Sultan Bəyazidin Şah İsmayıla GİZLİ MƏKTUBU

 17:13 03.05.2019     41827

Osmanlı və Səfəvi dövləti arasında hər zaman çəkişmələrin olduğunu və bunun da sonunun müharibəyə kimi getdiyi hər kəsə bəllidir.

Günü bu gün də istər Azərbaycanda,  istərsə də Türkiyədə peşəkar və həvəskar tarixçilər arasında hər iki türk dövlətini qanlı toqquşmaya qədər gətirib çıxaran siyasəti müzakirə mövzusudur. Bu da hər kəsə bəllidir ki, Şah İsmayılla II Sultan Bəyazidin münasibətləri çox normal imiş. Bunu Sultan Bəyazidin Şah İsmayıla dostluq və nəsihət dolu məktubundan da görmək mümkündür.

Beləliklə, İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin araşdırmalarından əldə etdiyimiz həmin məktuba heç bir şərh, izah vermədən oxucuların ixtiyarına veririk.

“Əmirliyə və hakimiyyətə layiq görülmüş seyid mənşəli Heydər əs-Səfəvinin oğlu Əmir İsmayıla – Allah qiyamətə qədər onun ədalətinin əsaslarını möhkəmləndirib artırsın ki, uca səltənətin əsasını qoymuş, yüksək sülalənin banisi olmuş, Keyxosrov və Daranın canşini olmuşdur. Əvvəla, xoşbəxtlik gətirən salamlarımızı yetirir, ikincisi, giley və hətta şikayət qapılarını açıb deyirəm:

Uca məqamlı övlad atası Heydərin intiqamını almaq üçün Gilandan çıxıb Şirvanşah  Fərrux Yəssarla döyüşərək, bəxtin köməyi ilə qalib gəldi və onu layiq olduğu cəzaya çatdırdı. Sonra Əlvənd Ləvəndlə müharibə  etdi və onu qaçmağa vadar etdi, əzəmət və şöhrətlə Təbrizdə Xosrov Pərvizin taxtına çıxdı və muradına yetişdi. Bu iki xoş xəbər Rum ölkəsinə çatdıqda çox sevindim, hədsiz sevinclə müjdə yetirəcək elçi gözləməyə başladım ki, xüsusi səfirlə təbriklərlə dolu cavab məktubu göndərim. Çünki belə böyük hadisələrin xəbərinin qonşu ölkələrə çatdırılması hökmdarların vəzifələrindən biridir. Lakin hələ o cavabdan nə bir elçi, nə də bir xəbər gəlmişdi ki, ölkəmizə belə bir məlumat çatdı: o qüdrətli əmir geniş İraq və Fars torpaqlarını da Bayandurilərin zülmətindən təmizləyib öz mülklərinə birləşdirmişdir. Bu şad xəbər də bizim  qulağımıza çatdıqda siz tərəfdən bir məktub gəlmədiyini görüb lazım bildim ki, sizin dalbadal qələbələrinizi təbrik edib alqışlayım, sədaqət və səmimiyyət yolunu açmaqda qabağa düşüm və eyni zamanda övliya nəslinin nəticəsi olan şəxsin (Şah İsmayıl - red) qulağına qərəzsiz məsləhətlər çatdırıb bir neçə məsələyə onun diqqətini cəlb edim.

Birincisi: Qətllər və çoxlu adam qırmaq ömrü qısaltdığı, əbədi bədnamlıq gətirdiyi, ağıl və şəriət baxımından da bəyənilmədiyi üçün cavanlıq ehtirasına uymayıb bu işdən çəkinin. Əlbəttə, eşitmisiniz ki, Həccacın, Çingizin və Teymurun adı aşağılarda və yuxarılarda necə çəkimiş və çəkilməkdədir.

İkincisi: Bütün müsəlmanlara aid olan bir təriqəti yaymağı dünyada üç günlük hökmranlığın əlaətinə çevirmək və Məhəmməd ümməti arasında təfriqə salmaq, bu təfriqə və yadlaşma ilə həzrət etmək və İslamın maddi və mənəvi qüvvələrini zəiflədib, bu yola din düşmənlərinin müsəlman məmləkətlərinə əl uzatmasına bais olmaq lazım deyil.

Üçüncüsü: İmkan verməyin ki, keçmiş sultanlar, əmirlər və alimlərə məxsus qəbirlər, məscidlər, təkiyyələr, zaviyyələr və digər abidələr, onların vəqflərini öz mülkünə çevirmək üçün qəsb etməyə çalışan bəzi nadan süfilərin və bir çox qərəzli təhrikçilərin əlində xarab olsun və dağıdılsın. Çünki onlar həmin yerlərdə İslamın sənəd və sübutları, Məhəmməd ümmətinin görkəmli şəxlərinin gözəl nişanələridir.

Dördüncüsü: Əhalinin qəlbini ədalət və inasfla ələ almaq zor və güc göstərib qan tökməkdən daha təsirli və səmərəli yoldur. Yaxşı olar ki, o əmir bütün işlərdə bərabərliyi, ədaləti və əhalinin qanuni hüquqlarına hörməti özünə peşə etsin, əhalinin könül quşunu saf niyyət və xoş rəftar toru ilə ovlayıb heç kimi incitməsin. Elə davransın ki, ölkə əhalisi ata-baba yurdunu tərk edib başqa ölkəyə keçməsin, çünki məmləkətin abadlığı və dövlətin möhkəmliyi rəiyyətin hakimiyyətdən razılığına bağlıdır. Əgər iranlılar  bayanduriyyə türklərinin hakimiyyətindən razı olsaydılar seyid nəslindən olan cənabınız o qədər torpağı elə asanlıqla ələ keçirə biləmzdi.

İran elə bir məmləkətdir ki, İslamdan əvvəl bir neçə mötəbər sülalə orada hökmranlıq atını çapmış və onlardan bəzi hökmdarlar elə həmin iranlıların köməyi ilə başqa ölkələrin ərazisində böyük fəthlərə nail olmuş və sultanlar arasında yaxşı ad çıxarmışlar.

İranlılar da elə millət olmuşlar və olmaqda davam edirlər ki, şahları əgər nəcabətli və özlərindən olmazsa, ona ürəkdən xidmət və itaət etmirlər, istəyirlər ki, onların padşahı İranın paytaxtlarından birində oturub özünü iranlı saysın və iranlıları da hakim millətə çevirib ədalət yolu ilə getsin. Allaha şükür ki, cənabınız bütün iranlılardan əsil-nəcabətlisiniz və İranın qədim, tanınmış, hörmətli və çoxlu tərəfdarı olan nəsillərindən  birinə mənsubsunuz. Əgər ədaləti özünzə peşə edib daim əhalinin rifahı və rahatlığını düşünsəniz, İran əhalisi, eləcə də Hindistan və Türkmənistan sakinləri könüllü olaraq sizə itaət və xidmət yolunu tuatacaq, sufi Səfəvi dövlətinin yaşaması və yüksəlişi üçün fədakarlıqla çalışacaqlar. Əks təqdirdə, qılınc gücünə İran hakimi olsanız belə Şərqdən və Qərbdən öz dövlət və məmləkətinizi bütün müsəlmanların düşmənçilik oxuna hədəf edib, bir an belə İslam hökmdarları və əmrlərinin həmlələrindən dinclik tapmayacaqsınız. İran məmləkəti mühasirədə qalıb, valisi bütün müsəlmanların gözündən düşəcəkdir. Nə üçün ağlı olan kəs peşimaçınlıq gətirəcək bir işi görməlidir?! Məmləkət padşah istər, padşah da məmləkət, rəiyyət və bunların hər ikisi ədalətlə abad olub rifaha çatar. Padşahın mənəvi və üxrəvi məsələlər olan din və məzhəblə nə işi var?

Seyid mənşəli cənabınız bizim bu səmimi nəsihətlərimizi qəbul etsə, şübhə yoxdur ki, əbədi Osmanlı dövlətinin və hakimiyyətin təfərdarı, müdafiəçisi, lazım gəldikdə isə əməli köməkçisi kimi görəcəkdir. Biz bunu açıqca bəyan edirik.

İndi birlik əlaqəsinin əsasını qoymaq və bu nəsihətləri çatdırmaq üçün yaxın adamların başçısı Məhəmməd Çavuş Balabanı bəzi hədiyyələrlə göndəririk ki, elçilik vəzifəsini yerinə yetirdikdən sonra bir dəqiqə də yubanmasın. Şifahi şəkildə deyiləcək sözləri o, icazə verilən vaxtda çatdıracaq və bu zaman heç bir yanlışlığa yol verməyəcəkdir. Çünki o, bizim ən etibarlı adamlarımızdan və çoxdankı sədaqətli bəndələrimizdən biridir və təbiətən düz danışanıdır. Görüşüb söhbət etdikdən sonra  ona icazə və rüsxət verib Allahın köməyi ilə bu tərəfə yola salın...

Təqdim etdi: Rəşad Sahil