Kiprdə təhsil alan azərbaycanlı tələbələrin dostu - Akademik Heydər Məmmədrza oğlu

 16:31 15.05.2019     39746

Onu hər kəs Kiprdə təhsil alan azərbaycanlı tələbələrin, orada yaşayan həmyerlilərimizin yaxın dostu, ağsaqqalı, dəyərli ziyalı kimi tanıyır.

Söhbət  Sankt-Peterburq şəhərindəki Smolnı Universitetinin rektoru, akademik Heydər Məmmədrza oğlu İmanovdan gedir.

1944-cü ildə Qubadlı rayonunun Qayalı kəndində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi əla qiymətlərlə bitirərək 1962-ci ildə Leninqrad Texniki İnstituta qəbul olan Heydərin sevinci həmin vaxt yerə-göyə sığmırdı. Axı, o, kəndlərindən ilk gənc idi ki, SSRİ-nin şimal paytaxtında ali təhsil alacaqdı.

1967-ci ildə təhsilini uğurla başa vuran H.M.İmanov məzunu olduğu institutda qalıb elmi iş üzrə təhsilini davam etdirmək təklifini alır. Düşünmədən bu təklifi qəbul edir və elmi işlərə başlayır. Elmi işini uğurla müdafiə edən H.M.İmanov “Texnika elmləri namizədi” elmi adına layiq görülür.

Bir neçə il Leninqrad şəhərinin yüngül sənayesi sahəsində çalışan Heydər İmanovun sorağı Azərbaycana da gəlib çıxır. Bir müddət Azərbaycan Sənaye Nazirliyində çalışdıqdan sonra onu, Gəncə Çini Qablar zavoduna direktor təyin edirlər. O, 1991-ci ilə qədər bu zavoda rəhbərlik edir. Lakin həmin ərəfədə ictimai-siyasi vəziyyət dəyişdiyindən və bununla da SSRİ-nin süqutundan sonra bir çox müəssisələr kimi bu zavod da öz fəaliyyətini dayandırmağa məcbur olur.

Bununla əlaqədar Gəncədən Bakıya qayıdan Heydər İmanov, burada “Azərkeramika” Elmi İstehsalat birliyini yaradır. Qeyd edim ki, bu birlik yarandıqdan sonra Azərbaycanın bir sıra bölgələrində çini qablar istesal edən müəssisələr də inşa olundu.

Hətta bəziləri məhsul da istehsal etməyə başladı. Ən əsası onu da deyim ki, bu proses H.İmanovun hazırladığı konsepsiya əsasında hökumətin çıxardığı qərara uyğun aparılırdı.  Amma çox təssüflər olsun ki, erməni faşistlərin Qarabağa təcəvüzü ilə bağlı olaraq bu konsepsiyanı sonadək həyata keçirmək mümkün olmadı. Bundan sonra yenidən o, Sankt-Peterburq şəhərinə dönməli olur. Burada onu Komilov adına Çini Qablar zavoduna direktor vəzifəsinə təyin edirlər. Bir müddət sonra o, həmin zavodun nəzdində “Elektrokeramika” Elmi-Tədqiqat İnstitutunu və eləcə də “Elektrokeramika” Birliyini yaratmağa nail olur. Bütün bunlarla yanaşı təhsilə, elmə önəm verən Heydər İmanov, 2003-cü ildə Rusiya Təhsil Akademiyasının prezidenti Nikolay Dimitreviç Nikonorovun təklifi ilə Sankt-Peterburq şəhərində Smolnı Universitetini yaratmağa nail olur və oranın rektoru təyin olunur. Professor H.İmanov rektor təyin olunandan sonra onlarla azərbaycanlı tələbələr həmin universitetin məzunu olaraq bu gün də öz fəaliyyətlərini istehsalatda uğurla davam etdirirlər. 50 ildən çox orada yaşayan, Sankt-Peterburqdakı Azərbaycan diasporunun təşkilatlanmasında yaxından iştirak edən Heydər İmanov, oradakı azərbaycanlıların ilk mətbu orqanı olan “Tolko vmeste” qəzetini yaradır. Bir müddət sonra həmin qəzet “Azəri” adı altında nəşr olunmağa başlayır.

Onun təşəbbüsü və maddi dəstəyi ilə dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri yenidən tərcümə və çap olunaraq rus oxucuların ixtiyarına verilmişdir. Bundan başqa Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ilk kitablardan biri olan “Politika eqo sudba” kitabı da onun təşəbbüsü ilə nəfis şəkildə çap olunaraq oxucular arasında yayılmışdır.

Hal-hazırda işlərinin bir hissəsini Şimali Kipr Türk Respublikasında davam etdirən Heydər İmanov, burada da universitet açmaq haqqında düşünür və geniş fəaliyyət göstərir. Yaxın zamanlarda həmin universitetin fəaliyyətə başlamasının şahidi olacağımıza əminəm.

Vətənimizdən uzaqlarda yaşayıb-yaradan, dövlətimizin, xalqımızın təssübünü çəkən, onun uğurları ilə sevinən bir ziyalımızla, Sankt-Peterburq şəhər Smolnı Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, akademik Heydər Məmmədrza oğlu İmanov Vətənin layiqli ziyalılılarındandı...

Fuad Səfərəliyev / Redaktor.az