Gürcülər dostumuzdur, bəs, suyu bulandırmağa çalışanlar kimlərdir? - ERMƏNİLƏRİN GİZLİ ƏLİ

 14:22 22.05.2019     62520

Bu gün “Gürcüstan-Azərbaycan münasibətləri” dedikdə konkret bir söz demək olduqca çətindir. Çünki, bu iki ölkə arasındakı münasibətlər Qafqazın dostluq simvolundan tutmuş xarici qüvvələrin  xəyanət rənginə qədər özündə bir çox anlamı ehtiva edir. Tarixi vərəqlədikcə də heç vaxt qarşına konkret bir yanaşma çıxmır. 

Əhməd İsayevin “Üsyan” romanında Gəncə igidi Bəndərin gürcü Tamara tərəfindən zindana salınması qonşularımızdan bir oxucu kimi inciməyimizə səbəb olur. Amma, sonra qadın hökmdarın Bəndərə olan heyranlığı, ona vurulmağı, taxtı üçün varisin onun belindən gəlməyini hikkəylə tələb etməsi, Bəndərin gözəl Tamaraya “yox” deməsi ilə qəfildən duyğularımız dəyişir. Qonşularımıza yazığımız gəlir.

Demək istədiyim odur ki, bax, bu misal bütün tarix boyu Azərbaycan-Gürcüstan münasibətlərində var olub. Ummaq-küsmək, yazığı gəlmək, canı yanmaq...

Borçalı sultanlığının (XVII-XVIII əsr) mövcudluğundan ta indiyədək Gürcüstanda yaşayan soydaşlarımızın taleyi də alatoranlığın ümidinə buraxılmış şəkildə qalır.  Bu sultanlıq belə müxtəlif illərdə gah Səfəvi və Əfşar imperiyalarının, gah da Kartli-Kaxetiya krallığının tərkibində olub.

1917-1919-cu illərdə mövcud olan Borçalı Qarapapaq Türk Cümhuriyyəti də bu ərazidə yaşayan soydaşlarımızın taleyindəki naməlumluğu həll edə bilmədi. Ərazinin bir qismi o vaxtkı Rus hakimiyyəti tərəfindən Ermənistana verildi.  Yerdə qalan isə Gürcüstan və o vaxtkı Qars İslam Cümhuriyyəti arasında bölüşdürüldü.

Tarixi vərəqlədikcə ermənipərəst qüvvələrin müdaxiləsi olmadan Azərbaycan və Gürcüstan arasındakı münasibətin bir istiqamətli-Qafqazın dostluq simvolu olacağına daha çox əmin oluruq.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Gürcüstan nümayəndəliyi olub. Xüsusi qeyd edim ki, AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək  Tiflisdə,  iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərib.

Hər iki Qafqaz ölkəsi arasında SSRİ dövründə də  iqtisadi-mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan sonra bu münasibətlər daha da inkişaf edib.

Respublika kimi Azərbaycan və Gürcüstan arasındakı diplomatik əlaqələrin tarixi 1992-ci il noyabrın 18-dən başlayır. 1995-ci ildə Bakıda qonşu ölkənin səfirliyi açılıb. Bir il sonra respublikamızın Gürcüstandakı səfirliyi fəaliyyətə başlayıb.

Amma hər iki ölkə müstəqillik əldə etdikdən sonra da alatoranlıq istisna təşkil etmədi. İlk illərdə- Zviad Qamsaxurdiyanın dövründə millətçi gürcülər orda  yaşayan soydaşlarımıza qarşı mövqe sərgiləməyə başladı. Lakin 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi iki xalq arasındakı ziddiyyət  buzlarının əriməsinə kömək etdi. Bundan sonra nəinki soydaşlarımız Azərbaycana rahat gəlib-getməyə, hətta Azərbaycan vətəndaşları da  qonşu ölkəyə turistik məqsədlə üz tutmağa başladı.

Hazırda  Gürcüstan Azərbaycan əhalisinin səyahət və istirahət, son illərdə hətta müalicə üçün getdiyi ölkələr sırasında ilk üçlükdədir.

Bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biri kimi tanınır. Hər iki ölkəni bir-birinə birləşdirən müxtəlif  layihələr də nəzərə alınsa, düşünmək olar ki, Azərbaycanla Gürcüstan arasında heç vaxt problem yaşanmayacaq.

Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri  buna əyani sübutdur. Bundan əlavə, Azərbaycan və Gürcüstan GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlara üzvdür. Həmçinin, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

İqtisadi münasibətlərdən bəhs edərkən qeyd etmək lazımdır ki, Azərbaycan Gürcüstanda əsas investor və kreditor ölkələrdən biridir.  Əlavə olaraq, rəsmi məlumatlara görə  hazırda Gürcüstan hökumətinin büdcəsinə ən çox vergi ödəyən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir.

Qardaşlaşmış şəhərlər siyahısında da  Azərbaycan və Gürcüstan şəhərlərinin adları yan-yanadır. Misal olaraq, Naxçıvan - Batumi, Gəncə - Kutaisi və Rustavi, Sumqayıt -Rustavi, Xankəndi-Suxumi, Şəki-Telavi  şəhərləri ilə qardaşlaşıb.

İndiki Gürcüstanın cənub və cənub-şərq ərazisində türkdilli tayfaların yaşadığı haqqındakı mənbələrin tarixi eramızdan çox əvvələ gedib çıxır. Hətta, gürcü mənşəli etnoqraf və tarixçilər də bu barədə öz əsərlərində etiraf edib. Bu isə o deməkdir ki, qonşu ölkədə yaşayan soydaşlarımızın məskunlaşma tarixi son zamanlarda iddia olunduğu kimi, orta əsrlərdəki köçdən başlamır.

Hazırda Gürcüstan ərazisində  soydaşlarımız Borçalı (Kvemo Kartli), Kaxeti və  Msxeta-Mitaneti bölgələrində, Tbilisi və Rustavi şəhərlərində kompakt şəkildə yaşayırlar.  2014-cü ilin rəsmi siyahıyaalma prosesinin nəticəsində qonşu ölkədə yaşayan soydaşlarımızın sayı 233 024 nəfər  göstərilib.  Qeyri-rəsmi məlumatlarda isə bu rəqəmin 1 milyon olduğu qeyd olunur. Onlar  Azərbaycan dilinin qərb ləhcəsində, Gəncə-Qazax bölgəsi üçün xarakterik sayılan şivədə danışırlar.

Yazımın əvvəlində qeyd etdiyim alatoranlıq isə heç vaxt birmənalı şəkildə “qeybə çəkilmir”. Gah bir, gah da başqa xain əlin-iki ölkə arasına ziddiyyət çalmağa çalışan üçüncü əlin “suyu bulandırmasıyla” alatoran qabarma-çəkilmə yaşayır. Bəzən bu qabarma-çəkilmələrin ömrü uzun illər olur, bəzən isə  çox tez-tez prosesin şahidinə çevrilirik.

Amma, bütün bu proseslərə baxmayaraq, Azərbaycan tərəfi heç vaxt regiondakı dostunu dar gündə tək qoymayıb. 2008-ci ildə Gürcüstan Rusiya ilə müharibə şəraitində olanda, elə ondan əvvəlki dönəmlərdə də, hər zaman Azərbaycan qonşu gürcü xalqına kömək əli uzadıb, maddi yardımlar edib.

2017-ci ilin avqustunda  Gürcüstanın Borjomi dərəsindəki Dab kəndi yaxınlığında baş verən yanğını söndürməkdə gürcüstanlı həmkarlarına kömək etmək üçün Azərbaycandan 95 nəfər yanğınsöndürən getmişdi.

Həmin ilin dekabrında isə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili parlamentdə çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif etdi. Dolayısı ilə, Azərbaycanın işğal altında olan əraziləri üzərindən dəmiryol xətti açmağın vacibliyini bildirdi. Təbii ki, Azərbaycan tərəfi buna reaksiyasız qalmadı və məsələ 29 dekabr 2017-ci il tarixində Milli Məclisdə müzakirə edildi.  Parlamentin sədri Oqtay Əsədov isə xüsusi vurğuladı ki: "Bəzi qüvvələr Azərbaycan-Gürcüstan müttəfiqliyini pozmaq istəyir".

Bu ilin yanvarında, daha dəqiq desək, 20 yanvar günü Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində iştirak etmiş erməni Mixeil Avagyanın abidəsi ucaldıldı. Bu fakt Azərbaycan ictimaiyyətində haqlı narazılıqlara səbəb oldu. Çünki,  Qarabağa əl uzadan bir erməniyə məhz azadlıq uğrunda qanından keçənlərin şəhid olduğu 20 Yanvar tarixinin ildönümündə heykəl qoyulması Azərbaycan xalqının heysiyyətinə toxunan addım idi.

Haqqında yazdığım bu hadisələr Azərbaycan-Gürcüstan münasibətlərinin qısa anonsu sayıla bilər. Bu cür hadisələr tarixin bütün səhifələrində var.

Elə bu yaxınlarda bir daha Gürcüstanın bəzi ictimai-siyasi dairələrində David Qareci monastrı ərazisinə  qarşı açıq və üstüörtülü formada iddialar irəli sürüldü.  20 ildən çoxdur ki, bu ərazi məsələsi iki ölkə arasında həll olunmamış qalır.

Gürcüstan prezidenti Salome Zurabişvili Udabno monastrına ziyarəti zamanı mübahisəli sərhəd probleminin tezliklə həll edilməsinin vacib olduğunu bildirdi.

Bundan sonra, aprel ayında Azərbaycan sərhədçiləri Gürcüstan-Azərbaycan sərhəddindəki kilsələrə və onlarla mağaraya girişi qadağan eddi. Ardından  komplekslə bağlı münahisələr daha da alovlandı.  Dörd gün sonra qadağa qaldırıldasa da, məsələnin  gündəmi zəbt etməsi davam etdi. Mayın 5-də əllərində Gürcüstan bayraqları olan yüzlərlə fəal mübahisəli sərhəd xəttinin keçdiyi dağın üstündə canlı zəncir yaratdılar. Onlar  Gürcüstan hökumətindən sərhəd münaqişəsinin tezliklə həll edilməsini tələb etdilər.

Qeyd edilməlidir ki, Azərbaycan tərəfi iki keçmiş sovet respublikası arasındakı mübahisəli torpaqda yerləşən bu tarixi abidə və dini ocaqlara girişi əvvəllər də əngəlləyib. Sərhəd xəttini dəqiqləşdirmək və monastr kompleksinin hissələrini hansı ölkəyə aid etmək barədə Bakı və Tbilisi heç cür razılığa gələ bilmirlər. Beləcə, məlum alatoranlığa daha bir cizgi də əlavə olunur.

Mən bir jurnalist kimi tezliklə bu məsələnin həll olunacağına, iki qonşu xalq arasındakı ziddiyətlər qığılcımlarının tamamilə sönüb sülh mehinə boyun əyəcəyinə  və ən əsası, Gürcüstandakı soydaşlarımızın hüquqlarının hərtərəfli müdafiəsi üçün, Rauf Qərib Alagöz demiş, “soydaş haqqında qanun” un qəbul ediləcəyinə inanıram... Və bunu gözləyirəm.

Bahadur Seyidov / Redaktor.az