
Cavad xanın rus generalı Sisianova MEYDAN OXUYAN MƏKTUBU

Siz qızılbaşların döyüşündən xəbərsizsiniz.
Qacarlar nəslindən olan böyük sərkərdə, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın digər xanlarla müqayisədə yeri tarixdə bir az fərqlidir. Çünki onun fədakarlığı, prinsipiallığı, torpağını, yurdunu işğalçılardan qorumaq uğrunda apardığı mübarizəsi hər kəsə bəllidir. Xüsusən də Cavad xanın gürcü əsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Pavel Dmitriyeviç Sisianovun timsalında çar Rusiyası ilə apardığı mübarizəsi tarixə qəhrəmanlıq səlnaməsi kimi düşüb. Həmin döyüşdən bir il öncə, yəni 1803-cü ildə Cavad xan Sisianovun ona ünvanladığı məktuba cavab olaraq bir məktub göndərib. Həmin tarixi yazışmanın əhəmiyyətini nəzərə alaraq akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” (Bakı, Şərq-Qərb 2019) kitabından əldə etdiyimiz Cavad xanın Knyaz Sisianova məktubunu təqdim edirik:
Göndərdiyin məktubu aldım, yazmısan ki, şahzadə Tamaranın dövründə Gəncə Gürcüstana tabe olmuşdu. Bu sözü kimsə eşitməmişdir. Lakin əcdadlarımız Abbasqulu xan və digərləri Gürcüstanda hakim və vali olub-olmadığını gürcüstanlı qocalardan soruşa bilərsən. Hazırda Gürcüstanda onun məscid və dükanı qalmaqdadır, onun xələt və yazıları (məktubları) da oradadır. İrakli xanın atası və atamızın dövründən etibarən Gürcüstan-Gəncə sərhədinin haradan-haraya uzanması məlum olmuşdur. Biz bu sözləri dilə gətirmirik. Bununla belə, əgər desəm ki, ata-babalarım Gürcüstanda vali olublar, heç kim buna yaxşı baxmaz və kimsə də Gürcüstanı bizə qaytarmaz. Bir də yazırsan ki, altı il bundan öncə Gəncə qalasını rus padşahına vermisən. Bu, doğrudur. Həmin vaxt sizin padşahınız İranın bütün vilayətlərinə, habelə bizə fərman göndərmişdi və biz də onun fərmanını qəbul edib, qalanı təhvil verdik. Əgər indi də Gəncə barəsində padşahın belə bir fərmanı varsa, onu ortaya çıxarın ki, biz də baxıb, qərarımızı verək.
Bir də yazırsan ki, guya əvəllər mən Gürcüstan tabeliyində olmuşam. Məlumunuz olsun ki, padşahınızın fərmanı indi də əlimizdədir. Bax, gör, orada mən necə adlanıram: Gəncə bəylərbəyi, yaxud Gürcüstan vassalı? Buradan sözlərinizin üst-üstə düşmədiyi anlaşılır.
Bundan başqa, biz Rusiya padşahına tabe olan zaman İran şahı Xorasana getmiş və əlimiz ona çatmadığı üçün biz də əzəmətli rus padşahına tabe olmağı lüzum gördük. İndi də Allaha şükür, İran şahı yaxınlıqdadır, onun göndərdiyi komandan da artıq buradadır. Qoşun da gəlibdir. Yenə də gəlirlər.
Yenə də yazmısan ki, Gürcüstan padşaha tabedir və onun tacirlərinin malını da almısınız. Doğrdur, siz Gürcüstana daxil olan ilk günü sizə yazdıq, adam göndərib nəzərinizə çatdırdıq ki, Nəsib bizim rəiyyətimizdir, bizdən üz döndərmiş və tacirlərimizin malını əllərindən almışdır. Xəyal etdik ki, siz padşahın nökərləri olduğunuz üçün ədalətlə qərar çıxarıb, insanımızın əmlakını geriyə, bizə qaytararsınız. Bizdən üz döndərən Nəsib və digər şəmşəddilliləri alıb bizə qaytaracaqsınız. Heç birini həyata keçirmədiyinizi gördük. Bizim də digərilərindən aldıqlarımızı sorğulamayın. Baxın görün, Gəncə rəiyyəti olan Şamkurludan almışıq, yoxsa Gürcüstan əhalisindən? Əks halda, niyyətiniz müharibədirsə, biz də hazırıq! Əgər öz top və topxanan ilə öyünürsənsə, Allahın mərhəməti ilə bizimkilər ondan heç də geri qalmır, sizdə top lüləsinin uzunluğu bir arşındırsa, bizdə 3-4 arşındır, qələbə isə Allahın əlindədir. Hardan bilirsən ki, döyüşçüləriniz qızılbaşlardan qoçaqdırlar? Siz yalnız öz savaşınızı görmüşsünüz, qızılbaşların döyüşündən isə xəbərsizsiniz. Mənə müharibəyə hazır olmağı təklif edirsən? Sən Şəmşəddilliyə gələndən və rəiyyətimi özünə tabe edən vaxtdan tədarük görməyə başlamış və hazırlaşmışıq. Savaşmaq istəyirsənsə, savaşaq. Hədələyirsən ki, təklifi qəbul etməsəm, bəlaya düçar olaram. Biz də bilirik ki, siz də bu xəyala qapılaraq gəlmisiniz. Bədbəxtlik sizi Peterburqdan izləyə-izləyə buraya çəkib gətirib. Allahın yardımı ilə sizin bədbəxt olduğunuz məlum olacaqdır. Vəssəlam.
Rəşad Sahil / Redaktor.az